"Qarabağ" çətin, eyni zamanda güclü rəqibdir".
"Report"un məlumatına görə, bunu Belçikanın "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunlar barədə yerli mətbuata açıqlamasında deyib.
Püşkün nəticəsini dəyərləndirən 58 yaşlı mütəxəssis bildirib ki, İtaliya "Latsio"su istisna olmaqla, digər 7 mümkün rəqibin hamısı eyni səviyyəli komandalardır: "Rəqibin kimliyi heç vaxt mənim üçün əhəmiyyət kəsb etmir. Çünki bu mərhələdə zəif komanda yoxdur".
Belçikalı baş məşqçi "köhlən atlar" 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini xatırladıb: "Bu mövsüm isə Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıblar. Təkcə bu amillər rəqibin gücündən xəbər verir".
Vanhazebruk Bakıya uzun səfərin onları narahat etmədiyini bildirib: "Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl uyğunlaşa bilərik".
Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.