Ukraynanın "Kolos" klubunun futbolçuları qatarda dava salıblar.
"Report"un "Obozrevatel" nəşrinə istinadən məlumatına görə, hadisə komanda üzvləri Ujqorod şəhərindən paytaxt Kiyevə qayıdarkən baş verib.
Spirtli içki qəbul edən oyunçular qonşu kupedəki qızları narahat etməyə başlayıblar. Futbolçulardan biri kupenin qapısını sındıraraq açmağa çalışıb. Xanımlar dərhal qatar bələdçisinə xəbər veriblər. Lakin oyunçular bələdçini təhqir edərək, oradan qovublar. Sonda təhlükəsizlik əməkdaşları hadisə yerinə gələrək, futbolçuları sakitləşdirib.
Platformada isə onları polislər qarşılayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarını görən futbolçular xanımları təhqir etməyə başlayıblar. Buna baxmayaraq, polislər komanda üzvləri ilə bağlı heç bir tədbir görməyiblər. Sadəcə, onları ərazidən uzaqlaşdırıblar.
Qeyd edək ki, Ukrayna Premyer Liqasında çıxış edən "Kolos" klubu hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.