AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik Azərbaycan Premyer Liqasında VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunmamasının səbəbini açıqlayıb.
Avstriyalı mütəxəssis "Report"a açıqlamasında bunun koronavirus pandemiyası ilə bağlı olduğunu söyləyib.
Ştuxlikin sözlərinə görə, burada maliyyə məsələsi də rol oynayır: "COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlər üzündən texniki məsələləri yoxlamaq üçün hansısa xarici şirkəti Azərbaycana cəlb etmək mümkün olmadı. İşin maliyyə tərəfini də qeyd etməliyəm. Daxili çempionatda VAR sisteminin nə zaman olacağını deyə bilmərik. Amma məsələ əvvəlki kimi diqqət mərkəzimizdədir".
Ştuxlik "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyevin Premyer Liqanın ilk iki turunun "Neftçi" və "Zirə" komandaları ilə oyunlarının (hər ikisi 1:2) baş hakimləri Rauf Cabbarovla Səbuhi Həsənlinin qərarlarından narazılığına da münasibət bildirib: "Futbolda belə hallar çox tez-tez baş verir. İnsanlar qəbul olunan qərarları müxtəlif cür şərh edirlər".