"Canni De Byazi zəng vurub dedi ki, FIFA yaşıl işıq yandırıb və sən artıq Azərbaycan millisinin üzvüsən. Daha sonra məni təbrik etdi. Mən isə yığmaya bacardığım qədər kömək edəcəyimə dair ona söz verdim".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç "Sportske novosti" nəşrinə açıqlamasında FIFA-nın onun Azərbaycan millisində oynamasına razılıq verməsi barədə danışarkən deyib.
Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, baş məşqçi Canni De Byazi ilk vaxtlardan onu komandasında görmək istəyib: "Yazda italiyalı mütəxəssislə görüşdük. Mənim milli komandadakı çıxışmla bağlı planlarını açıqladı. Onun fikrinə hörmətlə yanaşıram".
30 yaşlı oyunçu Azərbaycan millisini seçməsinin səbəbini də açıqlayıb: "Xorvatiya yığmasında oynamaq şansımın olmadığını bildiyim üçün artıq bu vəziyyətlə barışmışdım. 30 yaşım var və mən realist insanam. İki variantım var idi: milli səviyyəsində futboldan imtina etmək və ya Azərbaycan yığmasının formasını geyinmək".
Qeyd edək ki, Filip Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edir. Futbolçu "Qarabağ"dan öncə "Qəbələ"nin şərəfini qoruyub.