FIFA futbolda yeni islahatların aparılmasını vacib sayır.
"Report"un məlumatına görə, bu barədə qurumun prezidenti Canni İnfantino "L Equipe" nəşrinə müsahibəsində deyib.
Funksioner bildirib ki, klublara və oyunçulara konkret yardım göstərməyin vaxtı çatıb: "2000-ci illərdə Avropada çox sayda klubun maddi vəziyyətinin dözülməz hala gəldiyi aydın oldu. Borc və illik maliyyə çatışmazlığı onları orta müddətdə fəlakətə sürüklədi. Maliyyə feyr-pley qaydaları mükəmməl olmaya bilər, amma lazımlı idi və yaxşı nəticələr vermişdi. On il əvvəl Avropada maliyyə feyr-pleyi klub futbolunu xilas etdi".
İnfantinonun sözlərinə görə, FİFA transfer sistemini yenidən nəzərdən keçirir: "Maaşlar, transfer və agentlərə verilən komissiya haqlarına məhdudiyyətlərin tətbiq edilməsini ciddi şəkildə müzakirə edirik. Bu mövzularda tam şəffaflıq olmalıdır".