"İlk hissədə oyuna nəzarət tam olaraq bizdə idi. Daha çox qol vura bilərdik. Rəqibin meydanın mərkəzini keçib-keçmədiyini bilmirəm. Top itkilərindən yaxşı istifadə etdik və kompakt oynadıq".
"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş İtaliyanın Turin şəhərində Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
67 mütəxəssis bildirib ki, oyun komandasının nəzarəti altında keçib: "Həlledici zərbələri yaxşılaşdırmalıyıq. Düzdür, bu gün avtoqolla qələbə qazandıq. Amma daha yaxşı nəticəyə layiq idik".
Təcrübəli baş məşqçi ikinci hissədə yaxşı oynamadıqlarını etiraf edib: "Ötürmələrdə səhvlərə yol verdik. Rəqib heç-heçəyə inanmağa başladı. Məğlubiyyətdən qaçmaq üçün yollar axtarırdılar. 3-4 epizodda qapımıza doğu zərbə vurmalarına imkan verdik. Joau Felişin meydana çıxmasından sonra isə vəziyyət yaxşılaşdı".
Santuş qələbə qazanmağın önəmli olduğunu vurğulayıb: "Bilirdik ki, bu cür oyunlar hər zaman çətin keçir. Fərqli hesabla qalib gələcəyimizi gözləyirdim. Bundan sonra Serbiya millisi barədə düşünə bilərik. Həmin qarşılaşma fərqli olacaq".