Fazil Mustafa: Merih Demirala cəza verilməsi axmaqlıqdan başqa bir şey deyil

Fazil Mustafa: Merih Demirala cəza verilməsi axmaqlıqdan başqa bir şey deyil Türkiyə millisi Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Niderlanda uduzaraq (1:2) mübarizəni dayandırıb.
Futbol
8 İyul , 2024 14:25
Fazil Mustafa: Merih Demirala cəza verilməsi axmaqlıqdan başqa bir şey deyil

Türkiyə millisi Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Niderlanda uduzaraq (1:2) mübarizəni dayandırıb.

VI çağırış Milli Məclisin bir neçə deputatı "ay-ulduzlular"ın AVRO-2024-dəki çıxışı barədə "Report"a açıqlama verib.

Onlar türkiyəli müdafiəçi Merih Demiralın “bozqurd” işarəsinə görə 2 oyunluq cəzalanması barədə də danışıblar.

Aqil Abbas qardaş ölkənin komandasının baş məşqçisi Vinçentso Montellanı tənqid edib:

"Türkiyə millisi məşqçisiz futbol oynadı. Məşqçi, komutan yerində olmayanda, məğlubiyyət qaçılmazdır. Yaxşı mütəxəssisləri olsa, DÇ-2026 və AVRO-2028-də daha müsbət nəticələr əldə edə bilərlər".

A.Abbas türkiyəli müdafiəçi Merih Demirala verilən cəzanın haqsız olduğunu söyləyib:

"Avropa parlamentinə millətçiləri yığıblar. Amma Merih Demiral millətçilik etmirdi, türk simvolunu, inancını göstərirdi. Hər bir millətin də inancı var".

VI çağırış Milli Məclisin digər deputatı Azər Badamovun sözlərinə görə, Merih Demiralın "bozqurd" işarəsi səbəbindən cəza alması ədalətsizliyin açıq şəkildə ifadəsidir:

"Bozqurd" işarəsinə görə oyunçu niyə cəzalandırılmalıdır ki? Onlar gördülər ki, Türkiyə komandası meydanda öz sözünü deyir və Avropa çempionu olmaq üzrədir. Ona görə də komandanı ruhdan salmaq üçün Merih Demiralı oyuna buraxmadılar. Amma Türkiyənin 1/4 finala çıxmağı özü bir qələbədir. Avropa çempionatında kimin qalib gəlməsindən asılı olmayaraq, Türkiyə bizim üçün qalibdir. Qoy düşmənlərimiz bozqurddan və türkdən qorxsunlar".

Fazil Mustafa isə Türkiyə komandasının Avropa çempionatında normal çıxış etdiyini diqqətə çatdırıb:

"Türkiyə yığması irəlilədikcə daha sistemli komandaya çevrildi. Əvvəl bunu tam nümayiş etdirə bilmirdi, optimal heyət dəqiqləşməmişdi. Amma digər kollektivlərin optimal heyəti var idi, buna baxmayaraq, bir qismi uğur qazana bilmədi. Türkiyə yığması daha çox emosional ab-hava üzərində oynayan komandadır. Bu da hər zaman kritik anlarda xeyir və zərər də gətirə bilir. Niderlandla matçda daha sistemli oynadılar və 70 dəqiqəni yüksək səviyyədə keçirdilər. "Futbol ağlı" deyilən bir şey var. Ondan doğru istifadə etməyəndə, sonluğa vara bilmirsən. Türkiyə millisi də bundan istifadə edə bilmədi. Normal dəyişikliklərlə təzyiqi ortadan qaldırmaq lazım idi. Merih Demirala cəza verilməsi axmaqlıqdan başqa bir şey deyil. Heç bir əsası yoxdur, siyasi qərardır. Bu, gələcəkdə UEFA-nın başını ağrıdacaq".

Son xəbərlər

Orphus sistemi