Farer adalarının özəlliyi, stadionunun xəndəyi və İçərişəhərlə bənzərliyi - REPORTAJ

Farer adalarının özəlliyi, stadionunun xəndəyi və İçərişəhərlə bənzərliyi - REPORTAJ Torshavn. 11 oktyabr. REPORT.AZ/ Bura Farer adalarıdır. Atlantik okeanının ağuşuna aldığı, 50 min insanın 18 adadan 17-nə qeyri-bərabər səpələndiyi yarımmüstəqil ölkə. Özü məsafəcə İslandiyadan 450 km, Norveçdən 675 km aralıda olsa da, ən uzaq - 1117 km məsafədəki Danimarka krallığının tərkibinə daxildir. Hərçənd, 70 il əvvəl - 1 aprel 1948-ci ildən müdafiə, ədliyyə, polis, ümumi valyuta və xarici siyasət məsələləri istisna olmaqla, müstəqil sayılır. Təbii ki, sual yaranır: Bunun nəyi müstəqillik oldu ki?
Futbol
11 Oktyabr , 2018 16:46
Farer adalarının özəlliyi, stadionunun xəndəyi və İçərişəhərlə bənzərliyi - REPORTAJ

Torshavn. 11 oktyabr. REPORT.AZ/ Bura Farer adalarıdır. Atlantik okeanının ağuşuna aldığı, 50 min insanın 18 adadan 17-nə qeyri-bərabər səpələndiyi yarımmüstəqil ölkə. Özü məsafəcə İslandiyadan 450 km, Norveçdən 675 km aralıda olsa da, ən uzaq - 1117 km məsafədəki Danimarka krallığının tərkibinə daxildir. Hərçənd, 70 il əvvəl - 1 aprel 1948-ci ildən müdafiə, ədliyyə, polis, ümumi valyuta və xarici siyasət məsələləri istisna olmaqla, müstəqil sayılır. Təbii ki, sual yaranır: Bunun nəyi müstəqillik oldu ki?

Bəli, Farer adaları yarımmüstəqil olsa da, insanları azad və sərbəstdirlər. Hər axşam barlara, kafe və restoranlara çəkilib, dincəlirlər. Gecə klubları və digər əyləncə məkanları isə yalnız həftəsonları fəaliyyət göstərir. Qiymətlər olduqca bahadır. Xüsusən xidmət sahələrində. Marketlərdə spirtli içki satılmır. Alkoqollu içkiləri yalnız bar və restoranlarda sifariş edə bilərsən. Özü də bizim üçün kifayət qədər yüksək məbləğə. Məsələn, burada pivənin bir bokalı 8-9 avroyadır. 1 avro isə 7,5 Danimarka kronuna bərabərdir. Üstəlik, avro ilə alış-verişə qadağa mövcuddur.

Farerdə hətta 1 nəfərlik Koltur adası da var. Paytaxt Torshavnın yerləşdiyi Streymur adası isə ən böyüyüdür. Burada ümumi əhalinin təqribən 40 faizi - 22 minədək insan yaşayır. Şəhərkənarı limanda gəmilər, böyük və kiçik yaxtalar, qayıqlar mövcuddur. Amma hazırkı hava şəraiti onlarla Atlantik okeanı səyahətinə çıxmağa imkan vermir. Elə quru nəqliyyatı da aşıb-daşmır. Axşamlar enişli yollarla hərəkət edən avtomobillərə çox da rastlaşmazsan. Dar küçələr müəyyən mənada İçərişəhəri xatırladır. Burada elə yerlər var ki, oradan insanlar yox, heykəllər boylanır...

Farer adalarının simvolu qoyun-keçi sayılır. Hətta ölkənin gerbində də qoyun təsvir olunub. Təpəliklərdə salınan evlərin həyətlərində qoyunlar otlayır. Hətta qazlarla birgə...

Bax, belə bir ölkənin müstəqil federasiyası, öz milli komandası var. Azərbaycan yığması da UEFA Millətlər Liqasının oyununu keçirmək üçün buradadır. Rəqibə yuxarıdan-aşağı yanaşmaq, ciddiyə almamaq kimi düşüncələr yoxdur. Baş məşqçi Qurban Qurbanov təlim-məşq toplanışı başlanandan futbolçulara mətbuata danışmağı qadağan edib. Yalnız özü və mətbuat konfransında UEFA-nın tələbinə əsasən, futbolçulardan biri - Pavel Paşayev qısa açıqlamalarla kifayətlənib. Diqqətlər bugünkü oyuna - ilk qələbəni qazanmaq üçün köklənib. Hətta bütün səfərlərin daimi iştirakçıları olan veteran futbolçular və AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqovla İskəndər Cavadov da danışmırlar. Hamı 90 dəqiqəlik mübarizənin müsbət sonluqla bitməsini gözləyir.

Oyunöncəsi mətbuat konfransına yollanarkən, "Torsvollur" stadionunda iki məqam diqqət çəkdi: Biri meydanın süni örtüklü olması, digəri üzbəüz tribunanın sökülməsi. İki böyük və bir kiçik meydandan ibarət stadionda təbii örtükdən əsər-əlamət yoxdur. 19 ildir Farer adaları yığmasının ev arenası sayılan əsas meydanla yanaşı, "Streymur" klubuna məxsus "Vid Marqauir" adlı 1000 nəfərlik futbol meydanı da var. Burada 2011-ci ildə "Qarabağ"la Avropa Liqasının oyununu keçirilib və 1:1 hesablı heç-heçə ilə nəticələnib. Həmin matçın iştirakçılarından əsas heyətdə çıxış etmiş Maksim Medvedevlə ehtiyatda qalan Qara Qarayev yenə buradadır.

Əsas meydanda tribunanın sökülmə səbəbini isə müəyyənləşdirmək mümkün olmadı. Onun yerində Farer adalarının bir çox hissəsində rast gəlinən dərin xəndək yaranıb və hazırda ağır texnika düzləşdirmə, drenaj işləri aparır. Ola bilsin, yeni süni örtüklü meydançalar salacaqlar. Bu xəndəyə bu gün ən azı oyun zamanı kənara çıxacaq topların düşəcəyi dəqiqdir. Burada uduzmaq isə xəndəyə düşməkdən betərdir.

Yerli medianın və ümumilikdə əhalinin oyuna marağı elə də yüksək deyil. Oyunöncəsi mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistlərin sayı yerlilərdən çox idi desək, yanılmarıq. Azərbaycan millisindən fərqli olaraq, Farer adaları yığmasında futbolçularla ünsiyyət sarıdan heç bir problem yox idi.

Amma hər iki komandanın açıq məşqi və mətbuat konfransı gündüz saatlarına təyin edilmişdi. Amma Qurban Qurbanov "Qarabağ"da tətbiq etdiyi oyun günü üçün səhər məşqi təcrübəsini milliyə də gətirib. Odur ki, bu günə də məşq təyin edilib.

Oyuna isə saatlar qalıb...

Elşən MƏMMƏDOV, Torshavn

Son xəbərlər

Orphus sistemi