Yuxarı
    Bağlamaq

    UEFA Millətlər Liqası: Azərbaycan millisi Farer adaları yığması ilə qarşılaşacaq

    Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

    “Report” xəbər verir ki, D liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağı olacaq. Paytaxt Torshavnda “Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

    Azərbaycan komandası UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli evdə Kosovo (0:0), səfərdə isə Malta ilə heç-heçə edib (1:1). Farer adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1), Kosovoda uduzub (0:2).

    Farer adaları və Azərbaycanın əsas yığmaları indiyə qədər bir dəfə qarşılaşıblar. 27 fevral 1996-cı ildə Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında milli 3 cavabsız qola qalib gəlib. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Q.Qurbanov qoyub.

    Q.Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Onun rəhbərlik etdiyi “Qarabağ” 2011/2012 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “Streymur”u mübarizədən kənarlaşdırıb (0:0, 1:1).

    Bundan başqa, Azərbaycanın U-21 yığmasının da Farer adaları yığması ilə yolu kəsişib. Bu komandalar AVR0-2008 və AVRO-2016-nın seçmə mərhələlirndə üz-üzə gəliblər. Birincisində adalılar öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri halda, Bakıda heç-heçə oynayıblar – 2:2. Növbəti dueldə isə Azərbaycan 1:0 hesablı səfər qələbəsinə sevinib, evdə isə heç-heçə edib - 1:1.

    Qeyd edək ki, turun digər oyunun Kosovo Maltanı qəbul edəcək. Bu görüş Farer adaları – Azərbaycan matçı ilə eyni vaxtda start götürəcək.

    Millətlər Liqası

    D Liqası, III qrup

    III tur


    22:45. Farer adaları - Azərbaycan

    Baş hakim: Aleksey Yeskov

    Yan xətt hakimləri: Dmitri Mosyakin, Anton Averyanov

    Dördüncü hakim: Valeri Dançenko

    Əlavə köməkçi hakimlər: Mixail Vilkov, Sergey Lapoçkin (hakimlər briqadası Rusiyadandır)

    Hakim-inspektor: Salustia Çato Çipres (Andorra)

    UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)

    Torshavn. “Torsvollur” stadionu

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi