"Həm bizim, həm də rəqibin qol epizodları oldu. Pis oyun sərgiləmədik. Futboldan çox mübarizə vardı".
"Report"un Tulaya ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
27 yaşlı yarımmüdafiəçi bildirib ki, növbəti mərhələ barədə düşünmək hələ tezdir: "Hər iki komanda yaxşı mübarizə apardı. Rəqibin öz futbolunu oynamasına imkan verməməyə çalışdıq. Növbəti mərhələ barədə düşünmək hələ tezdir. Cavab qarşılaşmasında hər şey ola bilər. Düzgün köklənmək və ikinci matçda da qalib gəlmək lazımdır".
Kapitan bundan da yaxşı oynaya biləcəklərini söyləyib. O, pley-off xarakterli qarşılaşmaların fərqli olduğunu vurğulayıb: "Topla daha yaxşı davrana bilərdik. Meydanın vəziyyəti yaxşı olsa da, bir qədər ağır idi. Çalışdıq ki, rəqib öz sevimli futbolunu oynamasın, topa nəzarət edib, sürətli hücumlara çıxmasın. Bunun üçün də pressinq tətbiq etdik. "Arsenal" bizim onlara icazə verdiyimiz qədər oynadı. Cavab görüşü daha çətin keçəcək. Rəqib daha çox köklənmiş olacaq. Oyundan qabaq pley-off xarakterli duellərdə istənilən komandanı məğlub edə biləcəyimizi söyləmişdim. Çempionatda isə hər oyunu bu cür keçirmək çətin olar. Məsələn, "Qarabağ" "Spartak" və ya "Zenit"i də keçə bilər. "Neftçi" də həmçinin bunu bacarar. Bütöv çempionat isə fərqlidir. Ona görə Azərbaycan klublarının Rusiya Premyer Liqasında birinci yox, ikinci "səkkizlik"də oynaya biləcəyini demişdim".
Mahmudov hazırda "Arsenal"ın kapitanı olan sabiq komanda yoldaşı Kirill Kombarovla yaxşı münasibətinin olduğunu da vurğulayıb.
Qeyd edək ki, cavab matçı avqustun 1-də "Bakcell Arena"da olacaq.