Əliyar Ağayev: "Hakimlərimiz digər ölkələrin referilərindən zəif deyil"

Əliyar Ağayev: "Hakimlərimiz digər ölkələrin referilərindən zəif deyil" "Azərbaycan hakimləri avrokubokların qrup mərhələlərinin idarə edən digər ölkənin referilərindən zəif deyil, səviyyəmiz minimum onlarla bərabərdir. Bəlkə də artıqdır, amma əskik deyil".
Futbol
17 Mart , 2022 10:43
Əliyar Ağayev: Hakimlərimiz digər ölkələrin referilərindən zəif deyil

"Azərbaycan hakimləri avrokubokların qrup mərhələlərinin idarə edən digər ölkələrin referilərindən zəif deyil, səviyyəmiz minimum onlarla bərabərdir. Bəlkə də artıqdır, amma əksik deyil".

Bunu "Report"a açıqlamasında Azərbaycanın FIFA referisi Əliyar Ağayev deyib.

35 yaşlı ədalət təmsilçisi ölkənin digər FIFA referiləri Rauf Cabarov və Elçin Məsiyevin də ən azı UEFA Konfrans Liqasının qrup qarşılaşmalarını idarə etməyə qadir olduğunu söyləyib: "FIFA referilərimiz avrokubokların seçmə mərhələsindəki oyunlara təyinat alırlar. Birinci kateqoriyada yer aldığıma görə, qrup matçlarını da idarə edirəm. Bu səbəbdən, digər iki hakimimiz həmin görüşlərə təyinat almır. UEFA-da əvvəl 4 kateqoriya var idi, indi isə II, I və elit kateqoriya mövcuddur. Hesab edirəm ki, digər FIFA referilərimiz də növbəti mövsümlərdə qrup mərhələsində debüt edə biləcəklər".

Ağayev həmkarlarının I kateqoriyaya yüksəlmə ehtimalı barədə danışıb: "İmkan həmişə var. Mən FIFA hakimliyinə başlayanda I kateqoriyaya yüksələcəyimə inanmırdım. Hər şey insanın öz əlindədir. Onların da birinci kateqoriyaya yüksəlməsi mümkündür. İnanıram ki, Məsiyev və Cabarov bu məqsədə çatacaq".

Təcrübəli baş hakim öz hədəfinin elit kateqoriyaya yüksəlməkdən ibarət olduğunu sözlərinə əlavə edib: "Bir pilləkəni qalxandan sonra növbəti hədəf digərini qalxmaq olur. Qismət olacaqsa, yüksələcəyik. Üzərimizə düşən iş matçlara gedib yaxşı qiymətlər almaqdır. Hələlik bunlara nail oluruq. Elit kateqoriyaya keçirmək isə UEFA-nın əlindədir".

Son xəbərlər

Orphus sistemi