Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi oyunda İngiltərənin “Mançester Siti” klubu səfər qələbəsi qazanıb.
“Report”un məlumatına görə, Premyer Liqa təmsilçisi UEFA Çempionlar Liqasında qrup mərhələsinin son matçında Serbiyanın “Srvena Zvezda” komandasını səfərdə məğlub edib.
Belqradda reallaşan G qrupunun son turunun qarşılaşmasında Pep Qvardiolanın başçılıq etdiyi kollektiv 3:2 hesablı qələbə qazanıb. Əliyar Ağayev bu görüşdə meydan sahiblərindən 3, qonaqlardan isə 1 oyunçuya sarı vərəqə göstərib. FIFA referisi 85-ci dəqiqədə serbiyalıların qapısına penalti təyin edib və bunun sayəsində ingilislər 3-cü qolu vurublar.
Qrupun digər matçında Almaniyanın “Leyptsiq” klubu öz meydanında İsveçrə təmsilçisi “Yanq Boyz”u 2:1 hesabı ilə üstələyib.
Bu nəticələrdən sonra “Mançester Siti” 18, “Leyptsiq” 12 xalla 1/8 finala adlayıblar. 4 xal toplayan “Yanq Boyz” mübarizəni UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək. “Srvena Zvezda” isə 1 xalla sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb.