Hakimlərin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr reallaşdıran UEFA növbəti addımını atıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA yeni yaratdığı İstedad və Mentor proqramına hazırda hakimlərin təsnifatında I kateqoriyada yer alan FİFA referisi Əliyar Ağayevi də daxil edib. Bununla bağlı UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozettidən AFFA Hakimlər Komitəsinə məktub daxil olub.
Qeyd edək ki, İstedad və Mentor proqramında I kateqoriyadan (ümumilikdə Avropa üzrə 48 hakim) Elit kateqoriyaya namizəd olan 11 hakim yer alıb. Proqram müddətində müxtəlif monitorinqlər aparılacaq və ən istedadlı hakimlər növbəti il Elit kateqoriyada yer alan 26 nəfərdən ən zəif göstəricilərə malik və ya son yaş həddinə çatmış referiləri əvəzləyəcək.