İngiltərənin "Mançester Yunayted" klubu "Lester"in futbolçusu Harri Maquayrı transfer etmək üçün 85 milyon funt-sterlinq (92 milyon avro) təklif edib.
"Report"un "Telegraph"a istinadən verdiyi məlumata görə, bu keçid baş tutsa, 26 yaşlı oyunçu ən bahalı müdafiəçi sayılacaq. Ona sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 5 illik müqavilə və hər mövsümü üçün 9 milyon funt maaş təklif olunub.
Maquayr 2017-ci ildən İngiltərə millisində çıxış edir. O, yığmada 20 oyuna 1 qol vurub.
Hazırda dünyanın ən bahalı müdafiəçisi hollandiyalı Vircil van Deyk sayılır. "Liverpul" onu 2018-ci ilin yanvarında "Sautgempton"dan 75 milyon funta (82 milyon avro) alıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm avqustun 9-da "Liverpul" - "Norviç" matçı ilə başlayacaq.