Qətər hakimiyyəti futbol rəsmilərini izləməkdən ötrü Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının xidmətlərindən istifadə edib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hökumət 2022-ci il dünya çempionatı üçün ev sahibi ölkə seçilərkən üstünlük əldə etmək məqsədilə Kevin Çalker adlı şəxsi işə götürüb. Keçmiş kəşfiyyatçı mundialı keçirməyə iddialı digər ölkələrin nümayəndələri ilə bağlı casusluq edib.
O, əsasən rəqabət aparan ölkələrin müraciətlərini izləyən fotojurnalistləri işə götürüb. Həmçinin futbol məmurları ilə əlaqə saxlamaq üçün feysbukda saxta qadın profilləri yaradıb.
Qeyd edək ki, DÇ-2022-nin ev sahibini müəyyənləşdirən seçkilər 2010-cu il dekabrın 2-də İsveçrənin Sürix şəhərində keçirilib. Qətərin rəqibləri Avstraliya, ABŞ, Cənubi Koreya və Yaponiya olub. Mundial 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə baş tutacaq.