2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin XII turunun matçında Braziliya yığması Uruqvay seçməsini qəbul edib.
“Report” xəbər verir ki, Manaus şəhərinin “Arena Amazoniya” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində Rafael dubl edib, həmçinin Qabriel və Neymar fərqlənib. PSJ-nin hücumçusu qolla yanaşı, iki məhsuldar ötürmə ilə yadda qalıb. Uruqvay seçməsinin yeganə qolunu Luis Suares vurub.
Braziliya yığması 11 matçdan sonra 31 xalla ən yaxın rəqibi Argentina millisini 6 xalla qabaqlayaraq seçmə mərhələnin yarış cədvəlinə liderliyini davam etdirir. Uruqvay yığması 12 matçdan sonra 16 xalla beşinci yeri tutmağa davam edir.
Braziliya yığması növbəti matçını noyabrın 11-də evdə Kolumbiya milli komandası ilə keçirəcək, uruqvaylılar isə həmin gün öz meydanlarında Argentinaya qarşı oynayacaqlar.