"Bəlkə də çoxları fikirləşir ki, rəqib sonuncu pillədədir və təmsilçimiz rahat qələbə qazanacaq. Amma elə deyil, "Qarabağ" təzyiq altında olacaq, komandaya qalibiyyət lazımdır".
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "köhlən atlar"ın bu gün Bakıda İsveçin "Hakken" klubuna qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu ilə bağlı danışarkən deyib.
Hazırda menecer kimi fəaliyyət göstərən 44 yaşlı sabiq yarımmüdafiəçi Azərbaycan çempionunu ağır qarşılaşmanın gözlədiyini söyləyib: "Hakken"in itirəcəyi bir şeyi yoxdur. Bu səbəbdən bir az təzyiq altında oynamaq çətindir. Qonaqlar meydana rahat çıxacaqlar və istədikləri kimi oynamağa çalışacaqlar. "Qarabağ"ın belə matçların öhdəsindən gəldiyini də görmüşük. İnanıram ki, qalib gələcəyik. "Qarabağ"a uğurlar arzulayıram".
Sultanov qrupun digər görüşü haqqında da danışıb: "Qarabağ" qalib gəlsə, "Molde"nin "Bayer 04" ilə qarşılaşmada sensasiya etməsinin də heç bir xeyri olmayacaq. Açıq danışmaq lazımdır. Bu gün "Qarabağ"ın qrupdan çıxmasına mane olacaq heç nə görmürəm. Sadəcə, öz oyunlarını göstərsələr, təzyiq altında olmalarına baxmayaraq, növbəti mərhələyə vəsiqə qazanacaqlar".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.