UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşib.
"Report"un məlumatına görə, İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klubları növbəti raunda adlayıblar.
İtaliyadakı ilk oyunda "Atalanta"nı minimal hesabla məğlub edən "kral klubu" evdə də rəqibinə qalib gəlib - 3:1. Meydan sahiblərinin heyətində qolları Kərim Benzema, Serxio Ramos və Marko Asensio vurublar. Qonaqlardan isə Luis Muriel fərqlənib.
"Mançester Siti" isə Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasının qapısından 2 cavabsız top keçirib. 12-ci dəqiqədə Kevin De Bröyne, 6 dəqiqə sonra isə İlkay Gündoğan rəqibi məyus edib. "Şəhərlilər" bu meydanda baş tutmuş ilk qarşılaşmada da Mönhenqladbax təmsilçisinə eyni hesabla qalib gəlmişdi.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
24:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" Mönhenqladbax (Almaniya) - 2:0
Qollar: Kevin De Bröyne, 12, İlkay Gündoğan 18
İlk oyun - 2:0
24:00. "Real Madrid" (İspaniya) - "Atalanta" (İtaliya) - 3:1
Qollar: Kərim Benzema, 34, Serxio Ramos, 60 (penalti), Marko Asensio, 85 - Luis Muriel, 83
İlk oyun - 1:0
Qeyd edək ki, 1/8 final mərhələsinə martın 17-də keçiriləcək "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) və "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) matçları ilə yekun vurulacaq. Daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.