Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşib.
"Report"un məlumatına görə, İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları növbəti raunda vəsiqə qazanıblar.
Mersisaydlılar Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da Almaniya "Leyptsiq"ini 2 cavabsız qolla məğlub edib. Qolları 70-ci dəqiqədə Məhəmməd Salah, 4 dəqiqə sonra isə Sadio Mane vurublar. Premyer Liqa təmsilçisi bu stadionda keçirilmiş ilk görüşdə də rəqibinə 2:0 hesabı ilə qalib gəlmişdi.
PSJ isə İspaniya "Barselona"sını mübarizədən kənarlaşdırıb. Səfərdə Kataloniya təmsilçisi üzərində 4:1 hesablı qələbə qazanan parislilər cavab oyununda da güclü rəqibinə uduzmayıb - 1:1. Meydan sahiblərindən Kilian Mbappe, qonaqlardan isə Lionel Messi fərqlənib. Argentinalı hücumçu ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə penaltidən yararlana bilməyib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Cavab görüşləri
10 mart
24:00. "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 2:0
Qollar: Məhəmməd Salah, 70, Sadio Mane, 74
İlk oyun - 2:0
24:00. PSJ (Fransa) - "Barselona" (İspaniya) - 1:1
Qollar: Kilian Mbappe, 31 (penalti) - Lionel Messi, 37
İlk oyun - 4:1
Qeyd edək ki, daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Portu" klubları 1/4 finala adlayıblar. 1/8 finalın digər 4 matçı 16 - 17 martda olacaq.