UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksələn daha bir komandanın adına aydınlıq gəlib.
"Report"un məlumatına görə, C qrupunun oyununda Yunanıstanda "Olimpiakos"u 1:0 hesabı ilə məğlub edən İngiltərənin "Mançester Siti" komandası adını növbəti raunda yazdırıb.
"Şəhərlilər"ə qələbə qazandıran qola 16-cı dəqiqədə Fil Foden imza atıb. Bu nəticədən sonra xallarını 12-yə çatdıran Mançester təmsilçisi pley-offa vəsiqəni vaxtından əvvəl - qrup mərhələsində sona 2 tur qalmış rəsmiləşdirib. "Olimpiakos" isə 3 xalla 3-cü pillədə qalıb.
Bu matçla eyni saatda start götürən B qrupunun qarşılaşmasında isə Almaniyanın "Borussiya" (Münxenqladbax) komandası evdə Ukrayna "Şaxtyor"unu darmadağın edib - 4:0. Matçda hesabı 17-ci dəqiqədə penaltidən Münxenqladbax təmsilçisinin kapitanı Lars Ştindl açıb. 34-cü dəqiqədə Niko Elvedi, ilk hissəsinin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Brel Embolo fərqləniblər. Görüşdə son nöqtəni isə 77-ci dəqiqədə Oskar Vendt qoyub.
Bu qələbə ilə 8-ci xalını qazanan "Borussiya" liderliyini möhkəmlədib. 4 xalı olan "Şaxtyor" isə hələlik 2-ci sırada qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündəki nəticələrdən sonra İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları 1/8 finala vəsiqə əldə ediblər.