UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin İtaliya "Latsio"su ilə oyununda fərqlənən Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski turnirdə 72-ci qolunu vurub.
"Report" xəbər verir ki, polşalı hücumçu bu göstərici ilə ÇL tarixinin ən sərrast oyunçularının siyahısında 3-cü pilləyə yüksəlib.
33 yaşlı forvard İspaniya "Real"ının əfsanəvi futbolçusu Raul Qonsalesi geridə qoyub. İspaniyalı veteran hücumçu Çempionlar Liqasında 71 dəfə qol sevinci yaşayıb.
İlk pillədə İtaliya "Yuventus"undan Kriştianu Ronaldu qərarlaşıb. Onun aktivində 134 qol var. İspaniyanın "Barselona" klubunun forvardı Lionel Messi isə 119 qolla ikincidir.
Qeyd edək ki, hazırda "Latsio" - "Bavariya" matçında ikinci hissə oynanılır və hesab qonaqların xeyrinədir - 4:1. Robert Levandovski görüşün 9-cu dəqiqəsində rəqib qapısına yol tapıb.