Bakı. 21 avqust. REPORT.AZ/ Sloveniya Futbol Federasiyası (NZS) UEFA-nın hazırkı prezidenti Aleksander Çeferinin namizədliyini qurumun rəhbəri vəzifəsinə yeni seçkilər üçün irəli sürüb.
"Report"un "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, sloveniyalı funksionerin namizədliyini daha 5 milli assosiasiya dəstəkləyib.
Seçkidə iştirak üçün ərizə bu gün səhər saatlarında UEFA-ya göndərilib. Çeferinin yenidən seçilmək üçün yüksək şanslarının olduğu bildirilir. Çünki bu post uğrunda ciddi mübarizə gözlənilmir.
UEFA prezidenti postuna namizədlərin ərizələrinin qəbulu noyabrın 7-dək davam edəcək. Seçki isə 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada olacaq.
Aleksander Çeferin 14 sentyabr 2016-cı il tarixindən UEFA prezidentidir. O, Mişel Platinini əvəzləyib.