Cahangir Həsənzadə: "Yığmanın o qədər də çox futbolçu seçimi yoxdur"

Cahangir Həsənzadə: "Yığmanın o qədər də çox futbolçu seçimi yoxdur" "Yığma komanda evdəki ilk oyununda müsbət nəticə qazanmağa çalışacaq"
Futbol
15 Mart , 2021 16:40
Cahangir Həsənzadə: Yığmanın o qədər də çox futbolçu seçimi yoxdur
Cahangir Həsənzadə

"Milli komandaya cəlb olunması üçün çox futbolçu seçimimiz və geniş heyətimiz yoxdur. Bu, açıq-aşkar görünür. Ola bilsin, hansısa mövqedə baş məşqçi Canni De Byazi öz futbol fəlsəfəsinə görə seçim edib. Bu da normaldır".

Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə Azərbaycan millisinin qarşıdakı oyunlar üçün açıqlanan heyəti barədə danışarkən deyib.

Assosiasiya rəsmisinin sözlərinə görə, istənilən baş məşqçi özünə uyğun oyun üslubu seçir və buna əsasən, oynadacağı futbolçuları müəyyənləşdirir: "Bizdə, çox güman ki, futbolçulara uyğun oyun seçiləcək. Çünki o qədər də çox futbolçu seçimimiz yoxdur. Bu dəfə dəvət etdiyi oyunçulardan kimlərsə ilk dəfə çağırılıb. Ötən dəfə cəlb olunanları bu dəfə siyahıda görməyə bilərik. Bu, baş məşqçinin səlahiyyətlərinə aid olan məsələdir və biz də hörmətlə yanaşmalıyıq".

Azərbaycan yığmasının sabiq qapıçısı Ukrayna "Minay"ında çıxış edən Rüstəm Əhmədzadənin komandaya dəvət olunmaması ilə bağlı suala belə cavab verib: "Hazırda bununla bağlı danışa bilmərəm. Sənəd məsələləri ilə bilavasitə milli komandalar şöbəsi məşğuldur. Ola bilsin ki, sənədində hansısa sıxıntı var, ya da baş məşqçi hələlik onu əsas millidə görmür. Növbəti görüşlərdə cəlb edilməsi mümkündür. Bu, baş məşqçinin səlahiyyətlərinə aid olan məsələdir".

Həsənzadə yığmaya cəmi bir legionerin çağırılmasına da toxunub. O, ölkə xaricində çıxış edən Eddi İsrafilov, Dmitri Nazarov və Rüfət Dadaşovun diqqətdən kənarda qalmasına da münasibət bildirib: "Düşünürəm ki, De Byazi özünü tam oyuna verə biləcək futbolçuları dəvət edib. Bu, o demək deyil ki, indiyədək ölkə xaricindən cəlb edilən oyunçular özlərini tam meydanda qoymayıblar. Belə demək istəmirəm. Yəqin ki, baş məşqçi futbolçuların hamısının oyunlarını izləyib. Keyfiyyətlərinə görə isə hələlik bunları çağırıb. Amma düşünmürəm ki, növbəti görüşlərdə o birilərini çağırmayacaq. Çox güman ki, o biri matçlara digərləri çağırılacaq. Digər legionerlərin üzərindən tamamilə xətt çəkildiyini düşünmürəm. Sadəcə baş məşqçinin öz düşüncələri var. Onun digər futbolçularla da komunikasiyası var və çox güman ki, münasibət qurulub. Yaxın gələcəkdə onlar da milliyə dəvət olunacaq".

Texniki direktor millinin qarşıdakı oyunları ilə bağlı bunları söyləyib: "Portuqaliya və Serbiya ilə matça hesab deməyim düzgün olmaz. Amma istənilən halda sabiq futbolçu kimi demək istəyirəm ki, Portuqaliya ilə görüş həddindən artıq çətin keçəcək. Onların ulduzlarla zəngin heyətlərinə və oyunçuların çıxış etdikləri klublara nəzər salaq. Amma bu o demək deyil ki, yığma həmin qarşılaşmada əlacsız görsənəcək. Mübarizə sarıdan sıxıntımız olmayacaq. Ümid edirik ki, müsbət nəticə olar. Amma reallıq da var ki, onu oyunda görəcəyik. Qətərlə matç sırf yoldaşlıq xarakteri daşıyacaq. Bu isə oynamayan futbolçuların meydana çıxması və onlara qiymət verilməsi ilə nəticələnəcək. De Byazi növbəti oyunlar üçün bu qarşılaşmada seçim edə bilər. Serbiya ilə Bakıda üz-üzə gələcəyik. Portuqaliya ilə müqayisədə çətin olmayacaq. Yığma komanda evdəki ilk oyununda müsbət nəticə qazanmağa çalışacaq".

Həsənzadə yığmaya gənc oyunçuların cəlb edilməsinin müsbət hal olduğunu vurğulayıb: "Mən istənilən futbolçunun yaşından asılı olmayaraq təcrübə qazanmasına müsbət baxıram. O cümlədən, gənc futbolçular nə vaxtsa, yığmaya cəlb ediləcəklər. Onlar bizim millinin gələcəyidirlər. Portuqaliya ilə heyətdə yer ala bilməsələr də, Qətərlə matçda öz səviyyələrini ortaya qoymağa çalışacaqlar. Rəqabətli oyunlarda keyfiyyət üzə çıxır. Təəssüf ki, bizim çempionat oyunlarında o qədər də yüksək rəqabət yoxdur. Qətərin də zəif komanda olmadığını bilirik. Həmin görüşdə bizim cavan futbolçularımızın nəyə qadir olduğunu görəcəyik. Onlar çox yaxşı bilirlər ki, artıq növbəti Serbiya ilə matçda kiməsə,etibar edilib əsas heyətə buraxıla bilər".

Direktor son olaraq yığmaya futbolçu axtarışlarının davam etdiyini deyib: "Bu məsələ daim araşdırılır. Millinin skautu İlqar Qurbanovla müzakirələr gedir. Siyahıda çox futbolçu var. Amma konkret olaraq adları çəkə bilmərik. Çünki hələlik bütün məsələlər şifahi danışıq mərhələsindədir. Nə vaxt rəsmiləşməyə yaxın olsa, məlumat veriləcək".

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi