Bu gün Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özilin təqdimat mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, azarkeşlər tədbirə koronavirus pandemiyası səbəbindən qatıla bilməyəcək.
"Divan Fenerbahçe Faruk Ilgaz" Təlim-Məşq Bazasındakı təqdimat mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Tədbir qeydiyyatdan keçən KİV nümayəndələri üçün açıq olacaq. Bu məqsədlə 64 KİV-dən 132 yerli jurnalist qeydiyyatdan keçib. Eyni zamanda İngiltərə, Almaniya və İspaniya kimi ölkələrin 10 xarici media nümayəndəsi akkreditasiya üçün müraciət edib.
Azarkeşlər isə interaktiv olaraq, "Zoom" proqramı vasitəsilə mərasimə qatılacaqlar. Mərasim "Fənərbağça" televiziyası vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Mesut Özil "Fənərbağça" ilə 3.5 illik müqavilə imzalayıb. Klub cari mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək. Özilin məvacibini sabiq klubu "Arsenal" ödəyəcək. Təcrübəli futbolçu növbəti 3 mövsümün hər birində "Fənərbağça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.