"Əslində evə getməli və yay tətilimizə başlamalı idik. 60 illik yubileyə həsr edilmiş doğum günü tədbirində və tələbələrin məclisində iştirak edəcəkdik".
"Report"un məlumatına görə, bu fikirləri "TV 2"yə açıqlamasında ailəsi ilə birlikdə Bakıda yaşayan danimarkalı Tomas Volke deyib.
O, Danimarka millisinin Çexiya ilə oynayacağı qarşılaşma səbəbindən hələ Azərbaycanda qaldığını və mərasimləri ləğv etdiklərini bildirib
Azərbaycanda özəl şirkətdə çalışan Volke 1/8 final mərhələsindəki Uels - Danimarka oyunu bitməmiş 1/4 final matçı üçün bilet axtardığını deyib: "Matçın bitməsindən 20 dəq əvvəl biletlə maraqlandım. Heç bir risk almaq istəmirdim. Amma biletlər var idi. Şirkətin rus və türk əsilli işçiləri öz ölkələri AVRO-2020-dən kənarlaşandan sonra Danimarkanı dəstəkləyəcəklərini söylədilər".
Volkenin sözlərinə görə, Bakıdakı şəxslər onun ya ingilis, ya da amerikalı olduğunu düşünürlər: "Danimarkalı olduğumu bildirəndə, "Kristian Eriksen" deyə reaksiya verirlər".
Tomas Volke həyat yoldaşı Susie Volke ilə birlikdə Bakıya yaşayır. Onların qızı Hella və oğlu Sofus da 1/4 final matçı üçün Azərbaycan paytaxtına gələcək. Ailə matça üçün hazır olduqlarını bildirib.
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.