UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində AVRO-2020-yə ev sahibliyi edən 11 ölkədə uşaqlar arasında futbolun kütləviliyinin artırılması, uşaqlar arasında yeni oyun formatı yaratmaq və digər məqsədlərlə həmin şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11 - 13 yaşlı uşaqlar (qız, oğlan) üçün 3 may - 4 iyunda “Build Bridges” layihəsi təşkil olunub.
"Report" xəbər verir ki, iştirakçılar qeyd olunan yarışlara qatılaraq, öncədən müəyyən olunmuş kriteriyalarda (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) hərəkətləri təkrarlayaraq, qısa video çəkib həmin platformaya yükləyiblər.
UEFA nümayəndələri Ludolf Frank, Qriv Stüart Uilyam, Markard Ulf-Rauno və Ceyms Eşlinin iştirakı ilə 11 ölkənin "Futbol dərsi" layihəsinin koordinatorları ilə onlayn olaraq yekun toplantı keçirilib və qalib gələn ölkənin adı açıqlanıb. 11 ölkə arasında qalib olan şagird isə Bakıda 189-190 saylı orta məktəbdə təhsil alan Fərhad Hüseynovdur.
UEFA qalib gələn məktəb və iştirakçıya hədiyyələr göndərəcək. Ümumilikdə isə layihədə iştirak edən bütün məktəblərə L.Frankın imzaladığı diplom təqdim olunub.
AFFA-nın inzibati binasında Texniki direktor Cahangir Həsənzadə ilə Kütləvi Futbol Departamentinin rəisi Fərrux İsmayılov Hüseynov və onun məşqçisi Namiq Cəfərovla görüşüb, onlara AFFA-nın hədiyyələrini təqdim ediblər. Həmçinin hər iki şəxsə iyunun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək AVRO-2020-nin 1/4 final mərhələsinin oyununa dəvətnamə veriləcək.