Baş hakim "Keşlə" - "Qarabağ" matçındakı penaltidən danışdı

Baş hakim "Keşlə" - "Qarabağ" matçındakı penaltidən danışdı "Qərarımız hamı tərəfindən bir mənalı qarşılandı"
Futbol
7 Aprel , 2021 11:49
Baş hakim Keşlə - Qarabağ matçındakı penaltidən danışdı

Azərbaycanlı futbol hakimi Rəvan Həmzəzadə bir aydan çox oyunlara təyinat almamasının səbəbini açıqlayıb.

Bu barədə "Report"a açıqlama verən referi zədə üzündən qarşılaşmaları idarə edə bilmədiyini deyib.

Həmzəzadə məşq zamanı əzələsində problem aşkarlandığını söyləyib: "Əzələmdə yırtıq var idi. Bu səbəbdən, iki ayadək müalicə aldım. Ondan sonra isə Premyer Liqada XXI turun "Keşlə" - "Qarabağ" matçını idarə etdim".

Baş hakim yaşıl meydanlardan uzaq qalmasının koronavirusla bağlı olmadığını da sözlərinə əlavə edib. O, indiyədək infeksiyaya yoluxmadığını bildirib.

Referi "Qarabağ" - "Keşlə" görüşündəki penalti qərarı barədə də fikirlərini bölüşüb: "Ümumiyyətlə, hakimlərin idarə etdikləri oyunlarla bağlı danışmalarına icazə yoxdur. Biz həmişə matçlardan sonra öz çıxışımızı analiz edirik. Qarşılaşmada ciddi, qlobal bir məsələ var: "Keşlə"nin qapısına təyin etdiyimiz penalti. O da göz qabağındadır ki, açıq penalti idi. Qərarımız hamı tərəfindən birmənalı qarşılandı. Təmiz penalti idi".

Aprelin 4-də keçirilmiş "Keşlə" - "Qarabağ" matçı 1:1 hesablı heç-heçə ilə bitib. Ağdam təmsilçisinin heyətində Patrik Andrade 90+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib və komandasına 1 xal qazandırıb.

Xatırladaq ki, Rəvan Həmzəzadə Premyer Liqada son olaraq dekabrın 20-də XII turun “Keşlə” –“ Səbail” görüşünü idarə edib. Referi fevralın 1-də "Qarabağ" və "Qəbələ" komandaları arasında Azərbaycan Kubokunun ilk 1/4 final matçında da iş başında olub. Həmzəzadə bundan sonra fevralın 11-də I Divizionda “Zaqatala” – “Kəpəz”, zədədən qayıtdıqdan sonra martın 28-də “Neftçi-2” – “Sumqayıt-2” görüşündə baş hakim olub.

Son xəbərlər

Orphus sistemi