Azərbaycanlı futbolçu Nurlan Novruzovun Estoniyanın "Narva Trans" klubu ilə çempionat başa çatmamış vidalaşmasının səbəbi bəlli olub.
Bu barədə "Report"a 27 yaşlı hücumçunun özü açıqlama verib.
Forvard özü ilə "Xəzər Lənkəran", AZAL və "Zirə"də çıxış etmiş Sadio Tounkaranın vizasının müddəti bitdiyi üçün ölkəni tərk etməli olduqlarını bildirib: "Bizim müqaviləmiz də başa çatırdı. Çempionat noyabrın 8-də bitməli idi. Lakin koronavirusla bağlı çempionat dayandı deyə bəzi turlar təxirə salındı. Həmin oyunlar millinin matçlarından sonra keçiriləcək. Bizim vizamız isə noyabrın 13-də bitir və məcburən ölkəni tərk etməliyik".
Novruzov vizanın müddətini artırmağın mümkün olmadığını söyləyib: "Müddəti uzatmaq ancaq belə ola bilərdi ki, koronavirusa görə yollar bağlanardı. Klub prezidenti çalışdı, amma artıra bilmədi".
Hücumçu karyerası ilə bağlı qərar verməyə tələsmədiyini sözlərinə əlavə edib: "11 aydır istirahər etmədən oynayırdıq. Bir az dincəlmək, sonra isə karyeramı Avropada davam etdirmək niyyətindəyəm. Burada çempionat martda başladığından, düşünməyə çox vaxtım var".
Qeyd edək ki, Nurlan Novruzov "Narva Trans"a 2020-ci ilin fevralında keçmişdi.