Azərbaycanın FIFA referisi: UEFA-nın təlimatına uyğun VAR-ın müdaxiləsi Avropa çempionatında minimuma endirilib

Azərbaycanın FIFA referisi: UEFA-nın təlimatına uyğun VAR-ın müdaxiləsi Avropa çempionatında minimuma endirilib Oyun vaxtı epizodlara müdaxilələr zamanı dəqiqələrlə VAR "iclasları" keçirilmir.
Futbol
3 İyul , 2024 17:14
Azərbaycanın FIFA referisi: UEFA-nın təlimatına uyğun VAR-ın müdaxiləsi Avropa çempionatında minimuma endirilib

UEFA-nın təlimatına uyğun VAR-ın müdaxiləsi minimuma endirilib, referilərlə sinxronluq yüksək səviyyədədir.

Bunu "Report"a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Almaniyada keçirilən Avropa çempionatında hakimlərin idarəçiliyi ilə bağlı danışarkən deyib.

Sabiq FIFA referisi AVRO-2024-ün arxada qalan qrup mərhələsinin və 1/8 finalının oyunları barədə danışıb:

"Hakimlik adına çempionata ciddi yanaşılıb. Əsasən texnoloji yeniliklər özünü doğruldur. UEFA-nın təlimatına uyğun VAR-ın müdaxiləsi minimuma endirilib, referilərlə sinxronluq yüksək səviyyədədir. Oyun vaxtı epizodlara müdaxilələr zamanı dəqiqələrlə VAR "iclasları" keçirilmir. Matçların sonlarına artırılmış dəqiqələr də tənzimlənir. Bir görüş istisna olmaqla 8-10 dəqiqəlik əlavələr müşahidə edilmir. Nə qədər texnoloji yeniliklər olsa da, qrup oyunlarının bəzilərində insan faktoru, nüfuzlu yığmalar və başqa amillər özünü göstərmiş oldu".

T.Süleymanov qaydalarda tədbiq edilən yeniliklərə görə hakimlərin tənqid olunmasını doğru hesab etmədiyini deyib:

"Qaydalardakı yeniliklərə əsasən santimetrlərlə ofsayd ölçülmələrinin şahidi oluruq. Buna görə hakimlər çox da qınanmamalıdırlar. Çünki yeni tələblər bunu diqtə edir. Ümumilikdə 1-2 görüşü çıxmaqla, çempionat onu göstərir ki, komandalar, məşqçilər, futbolçular ilə referilər arasında qarşılıqlı hörmət və inam var".

Qeyd edək ki, AVRO-2024-də 1/4 final mərhələsinin qarşılaşmaları iyulun 5-6-da baş tutacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi