Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün Almaniya millisi ilə qarşılaşacaq

Futbol
  • 08 sentyabr, 2015
  • 05:03
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün Almaniya millisi ilə qarşılaşacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu bu gün keçirəcək. "Report"un məlumatına görə, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda Almaniya yığmasını qəbul edəcək.

7-ci qrupda yer alan rəqiblərin görüşü Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da təşkil olunacaq. Bu, Almaniya millisinin ilk, Azərbaycan yığmasının 3-cü oyunu olacaq. Meydan sahibləri ilk 2 turdan sonra 3 xalla 3-cü pillədə qərarlaşıblar. Vahabzadənin komandası səfərdə Farer adaları millisini yensə də, evdə Avstriyaya uduzub - 0:2. Amma həmin qarşılaşmada Coşqun Diniyev ("Qarabağ"), Elvin Camalov ("Qəbələ") və Elnur Cəfərov ("Xəzər Lənkəran") əsas millinin düşərgəsində olduqlarından, meydana çıxa bilməyiblər. Artıq hər 3 futbolçu U-21 yığmasının düşərgəsinə qoşulub.

Qeyd edək ki, hazırda Azərbaycan millisi Avstriya və Finlandiya ilə birgə ilk 3 pilləni bölüşür.

AVRO-2017

Seçmə mərhələ, VII qrup

8 sentyabr

19:00. Azərbaycan - Almaniya

Baş hakim: Aleksandr Buko

Yan xətt hakimləri: Cimm Kremers, Loran Konot

Dördüncü hakim: Nikola Laforj (hamısı Belçika)

Bakı, "Dalğa Arena"