Azərbaycanda VAR sistemi mərkəzləşdirilmiş formada tətbiq olunacaq

Azərbaycanda VAR sistemi mərkəzləşdirilmiş formada tətbiq olunacaq "Bəzən VAR hakimləri meydanda qaçan referidən daha çox tərləyirlər"
Futbol
6 Avqust , 2021 11:46
Azərbaycanda VAR sistemi mərkəzləşdirilmiş formada tətbiq olunacaq
Frits Ştuxlik

"Artıq FIFA və müəyyən şirkətlərlə müzakirələr gedir. Ali futbol qurumundan xahiş etmişdik ki, şirkətlərin siyahısını göndərsin. Bu işlə FIFA özü məşğul olur. VAR-ın tətbiqi üçün xeyli sayda avadanlıq lazımdır".

"Report"un məlumatına görə, bu fikirləri AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik KİV nümayəndələri üçün seminarda Azərbaycan futbolunda VAR sisteminin tətbiqi ilə bağlı danışarkən deyib.

Avstriyalı mütəxəssis bildirib ki, bununla yanaşı, oyun rəsmilərinin, hakimlərin təsdiqi ilə bağlı prosesə də start verilib: "Bu, o deməkdir ki, artıq hakimlərə hansı mövzuda dərs keçməyin lazım olduğunu bilirik. Bundan sonra onlar sertifikatlaşdırıla biləcəklər".

Ştuxlik Azərbaycanda VAR-ın tətbiqini mərkəzləşdirilmiş formada həyata keçirmək istədiklərini söyləyib: "Hər stadionda maşınlar olmayacaq. Ehtiyat üçün bir maşın avadanlıqla təmin olunacaq ki, problem yaranacağı halda, onu sığortalasın. Məsələn, hakimlərdən Əliyar Ağayev öz briqadası ilə Qəbələdə olacaqsa, iki hakim və bir operator mərkəzləşdirilmiş VAR otağında otuaracaq. Müəyyən vaxtlarda texniki problemlər yarana bilər. Amma bu, işlək sistemdir".

Onun sözlərinə görə, Premyer Liqa referiləri və köməkçi hakimlər, həmçinin I Divizionun baş hakimləri təsdiq proqramına cəlb olunacaqlar: "Bu, çox uzun və çətin prosesdir. Müəyyən təsdiqlər alındıqdan sonra nəticələr FIFA-ya göndərilməlidir. Hər mərhələnin sonunda təsdiq almalıyıq ki, növbəti etapa keçək. Bütün materiallar ingilis dilində olduğundan, bir neçə il öncə hakimlərimizi bu dillə bağlı biliklərini artırmağa dəvət etmişdik".

Ştuxlik deyib ki, hakimlərin monitor arxasında oturmağa hazır olması üçün 9 ay vaxt lazımdır: "Məsələn, Feliks Brix yaxşı hakimdir, amma onu heç vaxt monitor qarşısında görməyəcəyik. Çünki VAR-lıq hakim deyil. Monitor qarşısında oturmaq asan deyil. Bəzən VAR hakimləri meydanda qaçan referidən daha çox tərləyirlər".

Son xəbərlər

Orphus sistemi