Azərbaycan yığmasının baş məşqçisi: “Avropa çempionatında hər oyuna qələbə üçün çıxacağıq"
- 18 mart, 2025
- 16:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa çempionatında hər oyuna qələbə üçün çıxacağıq.
Bunu “Report”a açıqlamasında Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin baş məşqçisi İlqar Aslanov komandanın Avropa çempionatının əsas mərhələsinə hazırlığı barədə danışarkən deyib.
Mütəxəssis uğurlu çıxışa ümid etdiklərini söyləyib:
“İlk mərhələdən sonra ruh yüksəkliyi var. Amma rəqiblər də fərqlidir. Bosniya və Herseqovinanın oyununu görmüşük. Xorvatiya və Türkiyəni isə hələ ki, izləyə bilməmişik. Xorvatiyanın U-19 komandası Avropanın ən güclülərindəndir. Bosniya və Heseqovina da yaxşı rəqibdir. Bütün bunlara baxmayaraq, hədəflərimiz yüksəkdir. Avropa çempionatında hər oyuna qələbə üçün çıxacağıq”.
O, millinin heyətinə toxunub:
“Bir neçə yeni futzalçı dəvət etmişik. Komandanın hazırkı durumu normaldır. Kiçik zədəsi olanlar var. Amma ciddi itkilərimiz yoxdur. Məşqləri gündə iki dəfə olmaqla davam etdiririk. Yəqin ki, heyətdə daha bir neçə dəyişiklik həyata keçirəcəyik”.
Baş məşqçi qrafikin sıxlığını qabardıb:
“Martın 26-sı, 27-si və 29-da oyunlarımız olacaq. Çalışacağıq ki, Avropa çempionatının əsas mərhələsinin görüşlərinə qədər bir oyun keçirək. Təbii ki, ardıcıl matç keçirmək yorucu olur. Uşaqlar bu sistemə öyrəşməyib. Açığı, vaxt azlığı da adamı sıxır”.
Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində martın 26-da Bosniya və Herseqovina, bir gün sonra isə Xorvatiyanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq. Komanda martın 29-da Türkiyə ilə görüşəcək.