Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv VI turda Lüksemburqun qonağı olacaq. "Jozi Bartel" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Hazırda 5 xalla 3-cü sırada yer alan milli qrupdan çıxma şansını itirib. Komanda 4 xalla sonuncu yerdə qərarlaşan Kipr seçməsi ilə C Liqasında qalmaq uğrunda mübarizə aparır. Lüksemburq isə 9 xalla 2-ci pilləni tutur.
Azərbaycan millisinin heyətində müdafiəçilər Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün, Abbas Hüseynov isə zədə səbəbindən oynamayacaq. Lüksemburqda isə Vahid Selimoviç və Dirk Karlson cəzalı olduqları üçün matçı buraxacaqlar. Zədəli Leandro Barreyronun meydana çıxması isə sual altındadır.
Azərbaycan yığması bu komanda ilə Bakıdakı görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.
17 noyabr
UEFA Millətlər Liqası
VI tur
23:45. Lüksemburq - Azərbaycan
Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq. "Jozi Bartel" stadionu
Qeyd edək ki, I qrupun digər oyununda Monteneqro millisi evdə Kiprlə üz-üzə gələcək.