Azərbaycan millisinin Bakıda Portuqaliyaya qarşı keçirəcəyi DÇ-2022-nin seçmə mərhələ oyununun biletləri avqustun 21-dən satışa çıxarılacaq.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər tamaşaçı buraxılacaq.
Biletləri "iticket" mobil tətbiqi və veb saytı, həmçinin “Gənclik Mall” və “28 Mall”da yerləşən "iticket" bilet satış məntəqələrindən əldə etmək olar.
Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2 manat, 5 manat, 10 manat və 15 manatdır.
Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.