Azərbaycan millisinin rəqibi baş məşqçi ilə müqavilə müddətini uzadıb

Futbol
  • 20 oktyabr, 2023
  • 06:10
Azərbaycan millisinin rəqibi baş məşqçi ilə müqavilə müddətini uzadıb

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində rəqibi olan Avstriya yığmasında baş məşqçi Ralf Ranqniklə müqavilənin müddəti uzadılıb.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, Avstriya Futbol İttifaqı almaniyalı mütəxəssislə sözləşməni yeniləyib.

2022-ci ildə imzalanan müqavilədə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanılacağı təqdirində, Ranqniklə anlaşmanın avtomatik daha 2 illik uzadılacağı ilə bağlı bənd yer almışdı. Komanda hədəfinə çatdığından, 65 yaşlı mütəxəssisin DÇ-2026-da da postunda qalacağı dəqiqləşib. Onun hazırkı anlaşması üç il sonra baş tutacaq dünya çempionatının sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində yer aldığı F qrupunu ilk iki pillədə başa vuracağı dəqiqləşib. Avstriyalılar Azərbaycan yığmasını hər iki matçda (4:1, 1:0) məğlub ediblər.