Azərbaycan millisinin məşqçisi: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ

Azərbaycan millisinin məşqçisi: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ Futbol üzrə Azərbaycan millisi “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də Monqolustan 25-də isə Bolqarıstan yığması ilə qarşılaşacaq.
Futbol
19 Mart , 2024 10:43
Azərbaycan millisinin məşqçisi: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan millisi “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Yeni baş məşqçi təyin olunmadığından, həmin görüşlərə komandanı məşqçi Arif Əsədov çıxaracaq. Yığma Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaların hazırlığına bu gündən başlayıb.

“Report”un suallarını cavablandıran Arif Əsədov qarşılarına qoyduqları hədəfin "doğma divarlar" arasında qələbə qazanmaq olduğunu bildirib.

- Martın 15-də heyəti açıqladınız və bu gündən etibarən məşqlərə başlayacaqsınız. 24 nəfərlik heyəti seçərkən əsasən nələrə üstünlük verdiniz?
- Heyəti yığarkən izlədiyim və tanıdığım futbolçuları dəvət etmək qərarına gəldim. Hər mövqe üçün iki oyunçu seçdik. Heyətdə ölkə xaricində çıxış edənlər də var, debütantlar da. Legionerlərimizın çoxu klublarında müntəzəm oynamırlar, onları meydanda tez-tez görmürük. Ancaq bu futbolçuları da itirməməliyik. Nadir hallarda təlim-məşq toplanışlarımız olur. Yenə də onların hazırkı durumunu görmək üçün dəvət etdik. Yoldaşlıq görüşləri olduğundan, düşərgədə yeni simalar da var. Mahir Emreli və Anton Krivotsyuk isə zədə səbəbindən toplanışda yer almayacaqlar.

- Çağırmaq istədiyiniz, lakin heyətə cəlb edə bilmədiyiniz futbolçu olub?
- Türkiyənin “Eyüpspor” klubunda çıxış edən Taşkın İlter nəzərimizdə idi. Klubunda müntəzəm çıxış edir. Ancaq hər mövqeyə iki oyunçu cəlb etməyi qərara almışdım. Müdafiənin sağ cinahında da Amin Seydiyev və Qismət Alıyevi yoxlamaq istədim. Taşkın dəvət almasa da, diqqətimizdədir. Ümumiyyətlə, 24 oyunçu çağırmağımızda da məqsəd var. Çox oyunçuya dəvət göndərib, sonra bəzilərini “23-lüy”ə salmamaq onlara pis təsir edə bilərdi. Bu üzdən 4 nəfəri ehtiyat qüvvə kimi açıqlamışıq. Onsuz da oyunlarımızı Bakıda keçəcəyik, ehtiyac yaranarsa, onları da dəvət edə bilərik.

- Bildirdiniz ki, legioner həyatı yaşayan oyunçuların çoxu klubunda çox az şans qazanır. Onları çağırmaqda digər məqsədiniz oyun praktikası qazandırmaq və klublarına daha hazır vəziyyətdə getmələrinə şərait yaratmaqdır?
- Futbolda oyun praktikasından əziyyət çəkmək bir çox səbəbdən olur. Bəzən məşqçilər, bəzən taktiki sxem dəyişir, bəzən də həmin mövqeyə yeni oyunçular cəlb olunur. Biz isə yoldaşlıq görüşləri keçirəcəyik. Oyun praktikasını itirməmələri üçün bu matçlarda mümkün qədər şans yaratmaq istəyirik. Onsuz da legioner həyatı yaşayan futbolçumuz azdır. Belə məqamda biz də dəstək göstərməliyik ki, klubları onların milli üzvü olduğunu görsünlər.

- Ukraynanın “Polesye” klubunda çıxış edən Emil Mustafayev də yığmanın debütantlarındandır. Ondan gözləntiləriniz nələrdir?
- Milan Obradoviçin dönəmində Emil aşağı yaş qrupu üzrə yığmaya cəlb olunmuşdu. Səhv etmirəmsə, millinin heyətində ağır zədə almışdı. AFFA-da seleksiya işi ilə məşğul olan qrup uzun müddətdir Emili izləyirdi. Hələ Canni De Byazinin vaxtında Mustafayevi diqqətdə saxlayırdıq. Sadəcə, rəsmi matçlar olduğu üçün çağıra bilmirdik. Ancaq indi Emili yoxlamaq üçün əlimizə şans düşüb. UEFA Millətlər Liqasının startına qədər hələ 4 yoxlama görüşümüz olacaq. Bu üzdən bəzi oyunçuları sınamaq üçün vaxtımız var.

- Nəriman Axundzadə, Emil Səfərov və Cəlal Hüseynov isə U-21-ə qoşulublar. Yaxşı formada olduqları bir vaxtda onların yoxluğu sizə problem yaratmayacaq?
- Hər üçü gənc olmasına baxmayaraq, əsas milliyə çağırılır. Sadəcə, indiki məqamda U-21-ə kömək etmələri daha yaxşı olardı. Çünki U-21 komadamız ağır rəsmi görüşlər keçirəcək. Bu mənada orada yer almalarının daha vacib olduğu qənaətinə gəldik. Təbii ki, hər futbolçunun öz yeri var. Amma yığmada heç kim əvəzedilməz deyil. Tez-tez dəyişikliklər ola, fərqli simalar çağırıla bilər. Onların yerinə başqa oyunçular dəvət etmişik.

- Monqolustan və Bolqarıstanla oyunlarda hədəf nə olacaq?
- Yoldaşlıq görüşləri olsa da, hər iki oyunda məqsədimiz qələbə qazanmaq olacaq. Məşqçilər korpusu olaraq bir aydır rəqiblərlə bağlı təhlillər aparırıq. Rəqibləri güclü və ya zəif deyə ayırmırıq. Hər ikisinə hörmətlə yanaşırıq. Buna baxmayaraq, ilin ilk matçlarında qələbə qazanmaq istəyirik. Belədə komandada ruh yüksəkliyi də olar.

- Rəqiblərin güclü tərəfləri hansılardır?
- Monqolustan Asiya ölkəsidir. Asiya ilə Avropa futbolu arasında da böyük fərq var. Düzdür, Bolqarıstan yığmasının üzvləri müxtəlif yüksək liqalarda çıxış edirlər. Monqolustan millisinin oyunçuları isə daha çox daxili çempionatda mübarizə aparırlar. Fərq ondadır ki, Monqolustan kimi komandalar daha istəkli olurlar. Ancaq bolqarların ustalıq səviyyəsi daha yüksəkdir.

Son xəbərlər

Orphus sistemi