Azərbaycan millisinin futzalçısı: “Rumıniya və Niderlandı məğlub etmək barədə düşünürük” - MÜSAHİBƏ

Azərbaycan millisinin futzalçısı: “Rumıniya və Niderlandı məğlub etmək barədə düşünürük” - MÜSAHİBƏ Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit mərhələsində son oyunlarını Rumıniya (15 dekabr) və Niderlanda (20 dekabr) qarşı keçirəcək.
Futbol
14 Dekabr , 2023 14:21
Azərbaycan millisinin futzalçısı: “Rumıniya və Niderlandı məğlub etmək barədə düşünürük” - MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit mərhələsində son oyunlarını Rumıniya (15 dekabr) və Niderlanda (20 dekabr) qarşı keçirəcək.

Yığma baş məşqçi Vitali Borisovun rəhbərliyi altında Bakı İdman Sarayında rumınlarla matçın son hazırlıqlarını keçir.

Millinin düşərgəsində yer alan azsaylı legionerlərdən biri də Rövşən Hüseynlidir. Qazaxıstanın “Atırau” klubunda çıxış edən 32 yaşlı qapıçı “Report”a müsahibəsində həm qarşıdakı oyunlara toxunub, həm də digər məsələlərə münasibət bildirib.

- Klubunuz “Atırau”da vəziyyət nə yerdədir?
- Durumumuz yaxşıdır, hazırda ikinci pillədə qərarlaşmışıq. Liderdən cəmi 1 xal geridəyik. Qarşıda hələ çox oyunlar var. Hədəfimiz finala yüksələrək Çempionlar Liqasına vəsiqə qazanmaqdır.

- Dünya çempionatının elit mərhələsində Qazaxıstanla eyni qrupda yer almısınız. Komanda yoldaşlarınızla bu barədə müzakirələr aparmısınız?
- Ümumilikdə bütün qruplarla bağlı müzakirələr olur. Hətta FIFA və UEFA tərəfindən verilən qərarlar haqqında da söhbət edirik. Qazaxıstanda millimiz barədə fikirlər hər zaman yüksək olub. Yığmamızı izləyirlər. Azərbaycan və Qazaxıstan arasında münasibətlər təkcə futbol yox, ümumilikdə idman sahəsində fərqlidir. Mənə qarşı da çox mehribandırlar. Millimiz hansısa oyunda qələbə qazananda Qazaxıstanda buna sevinirlər. Onların yığmasına qarşı qrupda keçirdiyimiz hər iki görüşdə başabaş mübarizə getdi. Sadəcə, bəzi epizodlardan yararlana bilməməyimiz sonda bizə problem yaratdı.

- Qrup mərhələsinin son iki turunda Rumıniya və Niderlandla qarşılaşacaqsınız. Komanda bu matçlara tam hazırdır?
- Rəqibin kimliyindən və vəziyyətimizdən asılı olmayaraq, bütün matçlara qələbə üçün çıxırıq. Sabah doğma arenamızda Rumıniya ilə qarşılaşacağıq. Heyət baxımından müəyyən problemlər var. Bunu görüşə qədər bacardığımız qədər aradan qaldırmağa çalışırıq. Meydança amilindən istifadə edərək, qalib gəlmək istəyirik.

- Hər iki oyunda qələbə qazansanız belə, final mərhələsinə vəsiqə əldə etməyə bilərsiniz...
- Biz ilk növbədə Rumıniya və Niderlandı məğlub etmək barədə düşünürük. Bunu bacarsaq, xal ehtiyatımızı 9-a çatdıracağıq. Düzdür, təkcə bizim qələbələrimiz kifayət deyil, digər qruplardakı nəticələri də gözləməli olacağıq. Bizim üzərimizə düşən riyazi hesablama aparmaq yox, son iki matçda maksimum nəticə əldə etməkdir.

- Rumıniyaya səfərdəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq çətin olmayacaq?
- Bu dəfə Rumıniyadakı oyundan tam fərqli mübarizə olacaq. Çünki hər iki komandanın heyəti çox dəyişib. Meydança amilindən və əlimizə düşən imkanlardan yararlanmağa çalışacağıq. Uzun illərdən sonra ilk dəfədir ki, futzal millimizdə bu qədər yerli oyunçu var. Bunu dəyərləndirmək istəyirik.

- Yerlilərin çoxluq təşkil etməsi müsbət, yoxsa mənfi haldır?
- Fikrimcə, istənilən halda müsbət haldır. Əcnəbilər təcrübələrini yerli oyunçularla bölüşdülər, müəyyən nəticələr oldu. Amma gec-tez bu dəyişiklik olmalı idi. Bunun üzərində planlar var idi. Bu gün yığmada 17-20 yaş aralığında gənclər yer alırlar. Bu sistemlə davam etsək, 3-4 ildən sonra heç bir əcnəbiyə ehtiyac olmayacaq.

- Hansı oyundakı xal itkisinə görə daha çox təəssüflənirsiniz?
- Qrupda keçirdiyimiz 4 oyunun hamısında qazanacağımız 1 xalın belə, böyük köməyi dəyə bilərdi. Rəqibləri fərqləndirmək olmaz. Məsələn, Qazaxıstanla səfər oyununda böyük şanslarımız var idi, hesabda önə keçmişdik. Onlarla buradakı matçda önə keçməyimizə baxmayaraq, üstünlüyü qoruya bilməmişdik. Həmçinin rumınlarla qarşılaşmada da kifayət qədər qol epizodları yaratmışdıq. İnkişaf üçün ilk növbədə çempionatımız güclü olmalıdır.

- Azərbaycan çempionatı ilə Qazaxıstan liqası arasında çox fərq var?
- Bəli, çox böyük fərq var. Orada 11 komanda çıxış edir, oyunlar ev-səfər prinsipi ilə keçirilir. Reqlamentə görə, hər klub 40 oyun keçirir. Ondan sonra 1/4 final mərhələsi başlayır. Bu o deməkdir ki, finala və ya bürünc medal uğrunda mübarizəyə qədər irəliləyən komanda 48-50 oyun keçirir. Azərbaycanda isə 20 turdan sonra çempion müəyyənləşir.

- Millidə əsas heyətdəki yerinizi qaytarmaq üçün çox vaxt lazımdır?
- Yeni baş məşqçi ilə birlikdə oynamışıq, dünya və Avropa çempionatında mübarizə aparmışıq. Heyətdən kənarda qalmağımın səbəbi zəif çıxış etməyim deyildi. Çünki həmin vaxt Rusiyanın “Torpedo” klubundan gəlmişdim. Müəyyən problemlər yaranmışdı. Ardından Qazaxıstana yollandım, orada ötən mövsümün ən yaxşı heyətində əsas qapıçı kimi göstərildim. Bütün bunlar performansımda heç bir problemin olmamasının sübutu idi.

- Sabiq baş məşqçi Joze Alesio Da Silva ilə aranızda yaranan problem nədən qaynaqlanırdı?
- Bu məsələlər keçmişdə qaldı. 10 ilə yaxın həm “Araz-Naxçıvan”ın, həm də millinin əsas qapıçısı olmuşam. Üç dəfə Avropa, bir dəfə dünya çempionatında, səkkiz dəfə Çempionlar Liqasında çıxış etmişəm. İntizamıma, xarakterimə bələd olanlar belə problemlərdən həmişə uzaq olduğumu bilirlər. Artıq başqa baş məşqçimiz var və komandada fərqli ab-hava hökm sürür.

- Problemlə bağlı Joze Alesio Da Silva ilə heç bir araya gəlmədiniz?
- Hər kəs bilir ki, onunla problemim olub. Buradan da öz istəyimlə getmişəm. Klub prezidenti, rəhbərlik ilə danışdıqdan sonra getməyimə şərait yaratdılar.

Son xəbərlər

Orphus sistemi