Rəqiblərlə bağlı heç bir məlumatımız yoxdur.
Bunu “Report”a açıqlamasında 19 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsinin püşkatmasının nəticələri barədə danışarkən deyib.
Mütəxəssis U-19-un seçmə mərhələnin 7-ci qrupundakı rəqibləri İrlandiya, İslandiya və Moldova komandalarını dəyərləndirib: “Rəqiblərlə bağlı heç bir məlumatımız yoxdur. Vaxtımız var, onların oyunlarını təhlil edib, uşaqlara çatdıracağıq. Hər qrup çətindir, rəqiblər də yaxşıdır. İrlaniya və İslandiya bura qədər gəliblərsə, deməli, güclüdürlər. Eyni sözləri Moldovaya da aid etmək olar. Biz daha zəif - San-Marino, Cəbəllütariq kimi komandalarla rəqib ola bilərdik. Moldova öz səbətinin güclü komandalarından biridir. Rəqabət var, turnir ərzində kimin güclü olduğunu görəcəyik. Avropa çempionatına hələ vaxt var. Çalışacağıq ki, yaxşı nəticə ilə qayıdaq”.
E.Abdullayev mayın sonunda təlim-məşq toplanışı keçirəcəklərini deyib: “Hazırlıq planımız var. Mayın axırında təlim-məşq toplanışı olacaq. İyunda yoldaşlıq görüşü üçün səfərə yollanacağıq. Ancaq hələ rəqibimiz bəlli deyil. İnanıram ki, AFFA bizim üçün rəqib tapacaq. Bu il mayın sonunda birinci təlim-məşq toplanışımız olacaq. Həmin vaxt iki yoxlama matçı keçirəcəyik, uşaqları sınayacağıq. Bütün futbolçulara şans veriləcək. Potensialı olan namizədləri tanıyırıq”.