Azərbaycan I Divizionunun püşkatma mərasimi keçirilib

Azərbaycan I Divizionunun püşkatma mərasimi keçirilib 10 komanda 3 dövrədə mübarizə aparacaq
Futbol
25 Sentyabr , 2017 14:03
Azərbaycan I Divizionunun püşkatma mərasimi keçirilib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda 2017/2018 mövsümünün püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əvvəlcə çempionatın formatı barədə danışıb. 

O bildirib ki, əvvəlki mövsümlərdən fərqli olaraq, bu dəfə mübarizə 10 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq. Bu addım hər bir klubun daha çox oyun keçirməsi üçün atılıb. Reqlamentə əsasən, püşkün nəticəsinə görə I dövrədə ev sahibi kimi çıxış edəcək komanda III dövrədə də rəqibini öz meydanında qəbul edəcək. Yəni, komandalardan 5-i mövsüm ərzində 13, 5-i isə 14 matçı evdə keçirəcək. Komandaların start heyətində 2 legioner yer ala bilər. 3 yerli oyunçu isə mütləq 21 yaşadək olmalıdır.

R.Musayev I Divizionda danışılmış oyunlarla bağlı UEFA-dan ciddi xəbərdarlıq aldıqlarını diqqətə çatdırıb. O, belə hallara qarşı mübarizə məqsədilə oyunlara gizli nümayəndələr göndərəcəklərini açıqlayıb. 

Daha sonra püşk atılıb və ilk turun cütlükləri müəyyənləşib:

“Xəzər” - “Mil-Muğan”

“Turan-Tovuz” - “Şüvəlan”

“Ağsu” - “Zaqatala”

MOİK - “Qaradağ-Lökbatan”

“Sabah” - “Binə”

Qeyd edək ki, ilk turun oyunları oktyabrın əvvəllərində olacaq. Komandalardan 4-ü - “Şüvəlan”, “Binə”, “Xəzər” və “Sabah” debütantlardır. 

Son xəbərlər

Orphus sistemi