Azərbaycan futzal millisi pley-offa necə vəsiqə qazana bilər? - ARAŞDIRMA

Azərbaycan futzal millisi pley-offa necə vəsiqə qazana bilər? - ARAŞDIRMA Futzal üzrə DÇ-2024-ün elit mərhələsinə dekabrın 20-də yekun vurulacaq.
Futbol
18 Dekabr , 2023 14:50
Azərbaycan futzal millisi pley-offa necə vəsiqə qazana bilər? - ARAŞDIRMA

Futzal üzrə DÇ-2024-ün elit mərhələsinə dekabrın 20-də yekun vurulacaq.

“Report” xəbər verir ki, həmin gün qruplarda keçiriləcək son oyunlarla final mərhələsinə və pley-offa vəsiqə qazanacaq komandalar müəyyənləşəcək.

A qrupunda yer alan Azərbaycan millisi son tur ərəfəsində pley-off şansını davam etdirir. Axırıncı turda Niderlandın qonağı olacaq Vitali Borisovun yetirmələri ilk növbədə qələbə qazanmalı və digər qarşılaşmaların nəticələrini gözləməlidirlər. Millimizin qrupda ikinci yeri tutması üçün Rumıniya da öz meydançasında lider Qazaxıstanı məğlub etməməlidir.

Belə olarsa, yığmamız 7 xalla qrupu ikinci pillədə tamamlayacaq. Ancaq Vitali Borisovun kollektivinin pley-offa yollanıb-yollanmayacağı D qrupunun nəticələrindən asılı olacaq.

Məsələ burasındadır ki, elit mərhələdə 5 qrupun dördündə ikinci yeri tutacaq komandalar pley-offda üz-üzə gələcəklər. Yəni ikincilər arasında ən zəif nəticə göstərən bir komanda final mərhələsində iştirak şansını itirəcək.

Millimizin son turdan öncə üç qrupda ikinci pillədə qərarlaşan komandadan geri qalacağı dəqiqdir. Bunlar Ukrayna (10 xal), Xorvatiya (9) və Finlandiyadır (9). Pley-offa vəsiqə verən son yerə isə 4 iddiaçı var – Azərbaycan, Rumıniya, İtaliya və Sloveniya. Komandamız öz qrupunda Rumıniyanı üstələməklə yanaşı, D qrupunda 7 xalla 2-3-cü pillələri bölüşdürən İtaliya və Sloveniyanın axırıncı turda məğlubiyyətinə ümid etməlidir. Bu isə inandırıcı görünmür. İtalyanlar birinciliyi təmin edən İspaniyanı qəbul edəcəklər, Sloveniya isə hesabında cəmi 1 xal olan Çexiyanın qonağı olacaq. İspaniya və Çexiya bu görüşlərdə qələbə qazana bilməsələr, Niderlandı məğlub etmək də heç bir işə yaramayacaq.

Son turdan öncə Qazaxıstan, Fransa, İspaniya və Portuqaliya final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər. Yalnız B qrupunda Polşa və Ukrayna öz aralarındakı matçda 1-2-ci yerlərin sahiblərini müəyyənləşdirəcəklər. Hazırda Polşa 12 xalla həmin qrupda liderlik edir.

Qeyd edək ki, dekabrın 20-də Almere şəhərinin “Topsportsentrum” zalında keçiriləcək Niderland – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi