Hazırda “Sumqayıt” komandasına rəhbərlik edən Ayxan Abbasov Azərbaycan Premyer Liqasında baş məşqçi kimi 100-cü oyununu keçirib.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, XIX turun “Sabah” – “Sumqayıt” matçına təsadüf edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabında eyni sayda – 35 qələbə və məğlubiyyət olan 40 yaşlı mütəxəssis yubiley matçında yubiley – 30-cu heç-heçəsinə imza atıb.
Abbasov Premyer Liqada iki kluba rəhbərlik edib. O, 2017-2018-ci illərdə “Zirə”ni 44, 2018-ci ildən indiyədək “Sumqayıt”ı 56 qarşılaşmaya çıxarıb.
Qeyd edək ki, Ayxan Abbasovun Premyer Liqada baş məşqçi kimi debütü 2016/2017 mövsümünün ikinci yarısına təsadüf edib. 2017-ci il yanvarın 29-da “Zirə” öz meydanında AZAL-a 2:1 hesabı ilə qalıb gəlib.