"Şamaxı"nın baş məşqçisi: "1 xal qazanmaq bizim üçün çox önəmli idi"

Futbol
  • 14 mart, 2025
  • 21:33
Şamaxının baş məşqçisi: 1 xal qazanmaq bizim üçün çox önəmli idi

1 xal qazanmaq bizim üçün çox önəmli idi.

"Report" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Araz-Naxçıvan"a qarşı Misli Premyer Liqasının XXVII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bilirdik. Çünki rəqib komanda qarşısına avrokuboklara düşmək məqsədi qoyub. Çempionatın sonlarına yaxınlaşdıqca hər oyun finala bərabər olur. Azarkeşlərimizə də öz təşəkkürümü bildirmək istəyirəm. Bu gün stadionda bizi tək qoymamışdılar. Artıq onlar bizim səfər görüşlərimizə də gəlirlər. Bu, olduqca sevindirici haldır.

Futbolçularımı 1 xal qazanmaqları münasibəti ilə təbrik edirəm. Sonuncu dəfə "Neftçi" komandasına qarşı təbii ot örtüklü meydanda futbol oynamışdıq. Ondan sonra ardıcıl suni ot örtüklü meydanda görüşlər keçirməyə başladıq. Bu səbəbdən matçın ilk hissəsində futbolçularımız ağır tərzdə oynamağa məcbur oldular. Lakin ilk hissədə real qol vəziyyətini biz yaratdıq, lakin istifadə edə bilmədik. İkinci yarıda komandamdan lap razı qaldım".

Qeyd edək ki, XXVII turun görüşündə "Şamaxı" səfərdə "Araz-Naxçıvan"la bərabərə qalıb - 1:1.