UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda Türkiyənin "Beşiktaş" klubunu qəbul edəcək Fransanın "Lion" kollektivi qonaqların azarkeşlərinin stadiona girişini qadağan edəcək.
"Report" xəbər verir ki, meydan sahibləri 7 il əvvəl baş vermiş insident və digər qayda pozuntularının təkrarlanmasının qarşısını almaq məqsədi ilə bu addımı atıb.
2017-ci ildə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda, “Lion”un “Beşiktaş”ı qəbul etdiyi qarşılaşmada türkiyəli azarkeşlər tribunaların yuxarı mərtəbələrindən stadiona tərəf fişənglər atıblar. Bu səbəbdən matç başlamalı olduğu vaxtdan gec start götürüb.
Qeyd edək ki, "Lion" Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ"la qarşılaşacaq. Matç noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.