Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında baş tutan final matçından sonra İspaniya yığmasının futbolçusu Lamin Yamal xüsusi mükafata layiq görülüb.
"Report" xəbər verir ki, o, AVRO-2024-ün ən yaxşı gənc oyunçusu seçilib.
Ötən gün 17 yaşını tamamlayan hücumçu AVRO-2024-də İspaniya millisinin keçirdiyi 7 oyunun hər birində meydana çıxıb. O bu oyunların 6-da start heyətində yer alıb. Yalnız qrup mərhələsinin III turunda, Albaniya ilə oyunda sonradan meydana çıxıb. Futbolçu ümumilikdə 507 dəqiqə meydanda olub və bu müddətdə 1 qola, 4 məhsuldar ötürməyə imza atıb. İngiltərə ilə matçın 47-ci dəqiqəsində məhz L.Yamalın məhsuldar ötürməsini komanda yoldaşı Niko Uilyams qola çevirib.
Qeyd edək ki, İspaniya yığması finalda İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq 4-cü dəfə Avropa çempionu olub.