AVRO-2020: Köhnə tanışlarla təzə çəkişmə - ARAŞDIRMA

AVRO-2020: Köhnə tanışlarla təzə çəkişmə - ARAŞDIRMA Bakı. 3 dekabr. REPORT.AZ/ Xorvatiya, Uels, Slovakiya və Macarıstan - bunlar futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla millisi ilə eyni qrupda yer alan yığmalardır.
Futbol
3 Dekabr , 2018 14:44
AVRO-2020: Köhnə tanışlarla təzə çəkişmə - ARAŞDIRMA

Bakı. 3 dekabr. REPORT.AZ/ Xorvatiya, Uels, Slovakiya və Macarıstan - bunlar futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla millisi ilə eyni qrupda yer alan yığmalardır.

“Report”un E qrupundakı rəqiblərlə bağlı araşdırmasından sonra bir sıra maraqlı məqamlar üzə çıxıb...

Berti Foqtsu yola salan xorvatlar

Xorvatiya millisi E qrupunun ən yüksək reytinqə malik komandasıdır. FIFA sıralamasında 1634 xalla 4-cü pillədə qərarlaşan yığma Rusiyadakı son dünya çempionatının finalçısıdır. Lakin bu komanda Millətlər Liqasında yer aldığı A Liqasının 4-cü qrupunda sonuncu yeri tutub.

Xorvatiya Futbol İttifaqı (HNS) 1992-ci ildən FIFA və UEFA-nın üzvü olsa da, bundan 2 il öncə təsis edilən komanda qısa müddətdə dünya və Avropa çempionatlarında adından söz etirməyi bacarıb. Xorvatlar ilk dəfə qatıldıqları seçmə mərhələdə uğurla çıxış edərək, AVRO-1996-da iştirak etmək hüququna yiyələniblər. İngiltərədə baş tutmuş çempionatın 1/4 finalında Almaniyaya 1:2 hesabı ilə uduzan balkanlılar bundan iki il sonra Fransada dünya çempionatının bürünc mükafatçısı olublar. Hazırda HNS-in prezidenti postunu tutan Davor Şuker isə 6 qolla mundailın bombardiri adını qazanıb.

AVRO-2000 Xorvatiya millisinin vəsiqə qazana bilmədiyi ilk turnir kimi tarixə düşüb. 2002-ci il dünya çempionatında isə komanda qrupdan çıxa bilməyib. Xorvatlar AVRO-2004 və DÇ-2006-da da oxşar aqibəti yaşayıb, AVRO-2008-də isə 1/4 finalda dramatik şəkildə Türkiyəyə uduzublar. Matçın əsas vaxtında hesab açılmadığından, əlavə vaxt ehtiyac duyulub. 119-cu dəqiqədə İvan Klasniçin xorvatların qələbə qolunu vurduğu zənn edildiyi halda, Semih Şentürk son saniyədə fərqlənib. Penaltilərdə isə “ay-ulduzlular” sevinib – 3:1.

Xorvatiya yığması 2010-cu il mundialına düşə bilməyib, AVRO-2012 və DÇ-2014-də qrupda qalıb, AVRO-2016-da isə 1/8 finalda sonradan turnirin qalibi olan Portuqaliyaya minimal hesabla uduzub.

Yerli mütəxəssis Zlatko Daliçin baş məşqçisi olduğu komanda DÇ-2018-in finalında Fransaya 2:4 hesabı ilə yenilsə də, sərgilədiyi futbolla azarkeşlərin rəğbətini qazanıb. E qrupunun aşkar favortiti olan Xorvaiya yığması ulduz futbolçuların yer aldığı heyətə və böyük potensiala malikdir. Komandanın İspaniyanın “Real Madrid” klubunun formasını geyinən kapitanı Luka Modriç FIFA versiyasına görə 2018-ci ilin ən yaxşı futbolçusu seçilib və “The Best” mükafatı ilə təltif olunub. Bu gün isə onun "France Football" nəşrinin sorğusunda "Qızıl top"a layiq görüləcəyi gözlənilir. 

Xorvatiya yığması Azərbaycan millisi üçün tanış rəqibdir. Bu kollektivlər AVRO-2016-nın seçmə mərhələsində H qrupunda yer alıblar. 2014-cü ilə oktyabrın 13-də Osiyekdə baş tutmuş görüşdə meydan sahibləri 6:0 hesabı ilə qalib gəliblər. Xorvatların heyətində İvan Perişiç dubla imza atdığı halda, Andrey Kramariç, Marselo Brozoviç və Luka Modriç hərəyə bir qol vurub. Son nöqtəni isə Rəşad Sadıqov öz qapısını nişan almaqla qoyub.

Bu darmadağından sonra Azərbaycan millisinin baş məşqçisi Berti Foqts istefaya verib. Onun əvəzinə isə məhz xorvatiyalı mütəxəssis – Robert Prosineçki gətirilib. Yığma hazırda Bosniya və Herseqovina kollektivinin baş məşqçisi olan 49 yaşlı mütəxəssisin rəhbərliyi altında Bakıda Xorvatiya ilə qolsuz heç-heçə edib. Bundan sonra Norveçə 0:2 hesablı məğlubiyyət komandanın baş məşqçisi Niko Kovaçın istefasına səbəb olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv seçmə mərhələyə gələn il martın 21-də xorvatiyalılarla səfər matçı ilə başlayacaq. Bu komandalar arasında ikinci oyun isə sentyabrın 9-da Bakıda olacaq.

Uelslə duellər: 6 oyuna 1 qol

Uels millisi 1525 xalla FIFA reytinqində 19-cu pillədə qərarlaşıb və E qrupunun ikinci ən güclü komandası hesab olunur. Uels Futbol Assosiasiyasını təmsil edən komandanın ən böyük uğuru DÇ-1958 və AVRO-2016-ya vəsiqə qazanmasıdır. Birinci halda uelslilər 1/4 finalda sonradan yarışın qalibi olan Braziliyaya uduzublar – 0:1. Avropa çempionatında isə bu komanda yarımfinalda Portuqaliyaya 2 cavabsız qolla yenilib. Britaniyalılar həmçinin 1976-cı il Avropa çempionatında da 1/4 finala qədər irəliləyiblər. Lakin həmin vaxt yarışın final mərhələsi yarımfinaldan başlayıb.

Hazırda Uels yığmasına komandanın sabiq futbolçusu, İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəsi Rayan Giqqz rəhbərlik edir. Kapitan sarğısını Eşli Uilyams daşıyır. Heyətdə isə Qaret Beyl, Aron Remsi kimi tanınmış futbolçular yer alıb.

Azərbaycan millisi indiyə qədər 3 tsikldə eyni qrupda yer aldığı Uels yığmasına cəmi 1 qol vurub və 1 xal ala bilib. DÇ-2006-nın seçmə mərhələsində, 2004-cü il sentyabrın 4-də Bakıda baş tutan duelda 1:1-lik bərabərlik qeydə alınıb. Həmin görüşdə komandanın sabiq kapitanı Rəşad Sadıqov uzaq məsafədən cərimə zərbəsi ilə hesabı bərabərləşdirib.

Uelslilər AVRO-2004-ün seçmə mərhələsində səfərdə 2, evdə 4 cavabsız qolla qalib gəliblər. DÇ-2006-da Kardiffdə 2:0 hesablı qələbəyə sevinən meydan sahibləri DÇ-2010-da hər iki oyunda 1 top vurublar.

Millətlər Liqasında B Liqasının 4-cü qrupunda 2-ci yeri tutan Uelslə ilk oyun sentyabrın 6-da səfərə olacaq. İkinci matç isə noyabrın 16-da Bakıda baş tutacaq.

Vadim Vasilyevlə Zaur Tağızadənin məyus etdiyi Slovakiya

FIFA reytinqində 1483 xalla 27-ci pillədə qərarlaşan Slovakiya yığması da Azərbaycan üçün tanış rəqibdir. Milli tarixi ərzində ən inamlı qələbələrindən birini məhz bu kollektivlə qarşılaşmada qazanıb. 2001-ci il iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda İqor Ponomaryovun baş məşqçi olduğu komanda Vadim Vasilyev və Zaur Tağızadənin qolları ilə qalib gəlib. Bunadək baş tutan 5 qarşılaşmada isə rəqib qələbəni bayram edib. Slovakiyalılar AVRO-1996-nın seçmə mərhələsində evdə 4:1, Trabzonda 1:0 hesablı qələbəyə sevinib. AVRO-2000-də isə ümumilikdə 4 top vurublar - 3:0 və 1:0. DÇ-2002-də isə Slovakiya yığması Trnavada 3:1 hesabı ilə qalib gəlib. Həmin görüşdə millinin yeganə qoluna Vadim Vasilyev imza atıb.

Slovakiya Futbol İttifaqını təmsil edən komanda 1993-cü ildə Çexoslovakiyanın dağılmasından sonra bütün seçmə mərhələlərdə iştirak edib. Komandanın ən böyük nailiyyəti DÇ-2010-un və AVRO-2016-nın 1/8 finalına vəsiqə qazanmasıdır. Slovakiyalılar mundialda Hollandiyaya 1:2, Avropa çempionatında isə Almaniyaya 0:3 hesabı ilə uduzublar.

Komandanın baş məşqçisi çexiyalı Pavel Qapal, kapitanı isə Türkiyə “Fənərbağça”sının formasını geyinən Martin Şkrteldir. Həmçinin heyətdə İtaliyanın “Napoli” klubunun formasını geyinən Marek Hamşik kimi tanınmış sima var.

Rəqib Millətlər Liqasında yer aldığı B liqasında 1-ci qrupunda sonuncu yeri tutub.

Slovakiya ilə ilk görüş 11 iyunda evdə reallaşacaq. Azərbaycan millisi seçmə mərhələdə son oyununu noyabrın 19-da səfərdə bu rəqibə qarşı keçirəcək.

Amansız macarlar

Macarıstan yığması FIFA reytinqində 1206 xalla 107-ci pillədə qərarlaşan Azərbaycan millisindən sonra ən zəif göstəriciyə malikdir. Macarıstan Futbol Federasiyasını təmsil edən komanda 1412 xalla 51-ci sıradadır. Yığmanın baş məşqçisi italiyalı Marko Rossi, kapitan Balaj Cucakdır.

Macarıstan millisi zəngin tarixə malik komandadır. Yığma DÇ-1938-in finalında İtaliyaya 2:4, DÇ-1954-də isə Almaniyaya (AFR) 2:3 hesabı ilə uduzaraq, gümüş medalçı olub. AVRO-1996-də isə bu komanda üçüncü yer uğrunda görüşdə Danimarkanı 3:1 hesabı ilə üstələyib. Lakin son 30 ildə macarların nəticələri elə də ürəkaçan deyil. Komanda AVRO-2016-ya vəsiqə qazanmaqla, 40 illik fasilədən sonra böyük turnirdə düşməyi bacarıb. Burada isə 1/8 finalda Belçikaya 4 cavabsız qolla uduzub.

Macarıstan DÇ-2018-ə vəsiqə qazana bilmədiyi üçün baş məşqçi Bernd Ştork istefaya göndərilib və onu Corc Leekens əvəzləyib. Lakin yoldaşlıq matçlarındakı uğursuz nəticələrdən sonra bu ilin iyun ayında onu Rossi dəyişib.

Azərbaycan millisi indiyə qədər DÇ-1998 və AVRO-2000-nin seçmə mərhələsində Macarıstan yığması ilə eyni qrupda yer alıb və bütün görüşlərdə uduzub – 0:3, 3:1, 0:4 və 0:3.

Millinin yeganə qoluna 1997-ci il sentyabrın 10-da Budapeştdəki görüşdə Vyaçeslav Lıçkin imza atıb.

Macarıstan Millətlər Liqasında C liqasında 2-ci qrupun 2-cisi olub. 

Azərbaycan və Macarıstan ilk oyunlarını iyunun 8-də Bakıda keçirəcəklər. Növbəti qarşılaşma isə oktyabrın 13-də Budapeştdə olacaq.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

Son xəbərlər

Orphus sistemi