Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
"Report"un məlumatına görə, 36 matça ümumilikdə 649 320 fanat qatılıb.
Ən çox azarkeş Macarıstanın paytaxtə Budapeştdəki 3 oyunda olub. "Puşkaş Arena"da F qrupunun görüşlərini 166 546 tamaşaçı seyr edib. Arenanın tutumu 68 000-dir.
Macarıstan və Fransa komandaları arasında məhz bu qrupda gerçəkləşmiş qarşılaşma (1:1) tribunaların ən çox dolduğu matçdır - 55 998.
"Sankt-Peterburq Arena"dakı 6 oyunda 107 988 futbolsevər iştirak edib. Danimarkanın paytaxtı Kopenhagen (62 239 azarkeş) bu göstəriciyə görə üçüncü, İngiltərənin paytaxtı London (57 907 azarkeş) dördüncü, Bakı (45 682) isə 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu (BOS) A qrupunun 3 oyununa ev sahibliyi edib. BOS-da həmçinin 1/4 final mərhələsinin də bir oyunu keçiriləcək.