"Arsenal"ın yetirməsi: "Qarabağ" və "Neftçi" Çempionşipdə oynaya bilər"

"Arsenal"ın yetirməsi: "Qarabağ" və "Neftçi" Çempionşipdə oynaya bilər" Qış fasiləsində "Zirə" klubunu "Səbail"ə dəyişən Sierra Leone əsilli ingiltərəli müdafiəçi Ali Sesayın "Report"a müsahibəsi
Futbol
5 Fevral , 2021 14:22
Arsenalın yetirməsi: Qarabağ və Neftçi Çempionşipdə oynaya bilər
Ali Sesay

Qış fasiləsində "Zirə" klubunu "Səbail"ə dəyişən Sierra-Leone əsilli ingiltərəli müdafiəçi Ali Sesayın "Report"a müsahibəsi

- Əvvəlcə bu keçidin səbəbini açıqlayardınız: Sizə "Zirə"də qalmağa nə mane oldu?

- "Zirə"də oynamaq şansım az idi. Nadir hallarda meydana çıxırdım. Bu isə məni razı salmırdı. Daha çox oynamaq istədiyim üçün belə qərar verdim və "Səbail"ə keçdim.

- Baş məşqçi postuna Rəşad Sadıqovun gəlişindən sonra "Zirə"də daha çox ehtiyatda qalırdınız. Orada kimdən zəif idiniz?

- Bunu baş məşqçinin özündən soruşmaq lazımdır. Çünki qərarları o verir. Odur ki, bu suala cavab verə bilməyəcəyəm.

- İngiltərədə oynamısınız, kifayət qədər təcrübəniz var və ən əsası, "Arsenal"ın yetirməsisiniz. Sizcə, niyə "Zirə"də belə bir müdafiəçiyə etimad göstərilmədi?

- Bir az qarışıq vəziyyət yaranmışdı. Milli komandaların oyunları ilə bağlı fasilədən öncə bir neçə matçda meydana çıxmışdım. Daha sonra yığmanın düşərgəsinə yollandım. Orada koronavirusa yoluxdum və karantinə alındım. Nəticədə 2 oyunu buraxmalı oldum. Bakıya qaydanda komanda çox yaxşı çıxış edirdi. Demək olar ki, bütün matçlarda qalib gəlirdi. Belədə heyəti dəyişmək baş məşqçi üçün çətin olur. Vəziyyət mənim üçün ürəkaçan olmadığından, komandanı tərk etməyi qərara aldım.

- 2016-cı ildə İngiltərəni tərk etdikdən sonra İsveçin "Frey" komandasına keçdiniz. Növbəti klublarınız Yunanıstanda "Kissamikos" və Bolqarıstanda "Arda" olub. Hazırda isə Azərbaycanda çıxış edirsiniz. Karyernızdakı enişi nə ilə əlaqələndirərdiniz?

- İsveç və Yunanıstanda oynadığım klublar bərabər səviyyəli idi. Bolqarıstanda isə daha yaxşı komandada çıxış etdim. Ona görə də bu klubların zəif olması fikri ilə razı deyiləm. Düzdür, hansısa futbolçu İngiltərəni tərk edib, başqa ölkəyə gedəndə bu, birmənalı qarşılanmır. Amma insan hər şeyi öz karyerası üçün edir. Mən bacarığıma inanıram. Həmin ölkələrə yollanarkən də bu amili nəzərə almışam. Bəlkə də səviyyəm oynadığım klublardan yüksəkdir, amma əsas məsələ, özünü inkişaf etdirməkdir.

- Sizi Azərbaycana gəlməyə vadar edən əsas səbəb nə oldu?

- Əsas səbəb çempionatda rəqabətin olmasıdır. Düşündüm ki, burada öz bacarığımı daha yaxşı nümayiş etdirib, səviyyəmi bir az da qaldıra bilərəm.

- Artıq bir ildən çoxdur ölkəmizdəsiniz. Azərbaycan futbolunda diqqətinizi çəkən mənfi və müsbət məqamlar nələrdir?

- Əsas müsbət məqam liqanın normal səviyyədə olmasıdır. Burada güc futboluna əsaslanan oyun sərgilənir. Bu da mənim xoşuma gəlir. Mənfi cəhət isə "Neftçi" və "Qarabağ"la digər klublar arasında olan uçurumdur. Həddindən artıq böyük səviyyə fərqi hiss olunur.

- Sizcə, "Qarabağ" və "Neftçi" İngiltərənin hansı liqasında oynamağa layiqdir?

- Dünürəm ki, bu komandalar Çempionşipdə oynaya bilər.

- Azərbaycanda özünüzü necə hiss edirsiniz?

- Çox yaxşı. Xüsusilə yeni komandamda özümü əla hiss edirəm. Bakı gözəl şəhərdir. Burada hər şey ürəyimcədir.

- Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Sumqayıt"a qalib gəldiniz. Cavab matçı barədə nə deyə bilərsiniz?

- Mərhələni adlamaq üçün yaxşı şansımız var. Çünki sizin də qeyd etdiyiniz kimi, ilk matçda qələbə qazanmışıq. Yaxşı komandamız var. Yarımfinala yüksəlmək üçün bizə heç nə mane olmamalıdır. Bəlkə də kubokda final oynayacağıq. Hər şey mümkündür.

Son xəbərlər

Orphus sistemi