Arif Əsədov: Bolqarıstanla matç çətin olacaq

Arif Əsədov: Bolqarıstanla matç çətin olacaq “Bolqarıstan millisi UEFA millətlər liqasında olan yığma komandalara bərabərdir”.
Futbol
24 Mart , 2024 16:40
Arif Əsədov: Bolqarıstanla matç çətin olacaq

Bolqarıstan millisi UEFA Millətlər Liqasındakı yığmalara bərabərdir. Bu rəqiblə matç çətin olacaq.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA series - Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Sabah baş tutacaq oyunda bizi ciddi rəqibi gözləyir. Heyətdə bəzi dəyişikliklər olacaq. Əhval-ruhiyyə yüksək səviyyədədir. Yaxşı oynayıb azarkeşlərimizi sevindirəcəyik”.

O, rəqibi təhlil etdiklərini, futbolçulara zəif və güclü tərəflərini başa saldıqlarını vurğulayıb: “Monqolustan millisi ilə bu matç arasında xeyli fərq olacaq. Bolqarıstan tam başqa səviyyədə komandadır. İlk oyunda birinci zonadan hücum qururduq. Bolqarıstan millisi ilə görüşdə ikinci zonadan hücum quracağıq”.

A.Əsədov qarşılaşmanı daha yaxşı nəticə ilə bitirmək istədiklərini bildirib: “Oyundan müsbət nəticə gözləyirəm. Nizam-intizam baxımından hər şey yüksək səviyyədədir. Çalışacağıq ki, qələbə qazanaq”.

Baş məşqçi Monqolustanla matçda çoxsaylı qol imkanlarından istifadə edə bilmədiklərinin səbəblərini açıqlayıb: “Adlı-sanlı futbolçular var ki, yaxın məsafədən fərqlənə bilmirlər. Azərbaycan millisini bu baxımdan tənqid edə bilmərik. Sadəcə olaraq, bəzən alınmır. Monqolustanla matçda qələbəyə inam var idi. Son dəqiqələrə qədər mübarizə apardılar”.

O, milli komandanı hansı müddətə qədər çalışdıracağı barədə sualı cavablayıb: “Hazırda öz işimi görürəm. Öz təcrübəmdən istifadə edərək bu oyunlarda daha yaxşı nəticə əldə etməyə çalışırıq. Qarşıda nə olacağını deyə bilmərik. Bizim kifayət qədər təcrübəli yerli baş məşqçilərimiz var”.

Mütəxəssis Bolqarıstan millisi ilə matç üçün qapıçı seçimini açıqlayıb: “Sabahkı oyunda Şahruddini əsas qapıçı olaraq oynatmağı düşünürük. Monqolustana qarşı matçla bu oyun arasında xeyli fərq var”.

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turniri çərçivəsində martın 25-də Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi