Rəqibləri təhlil etmişik, zəif deyillər.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov yoldaşlıq görüşlərində üz-üzə gələcəkləri Albaniya və Qazaxıstan yığmaları haqqında danışarkən deyib.
Mütəxəssis Albaniyanın Avropa çempionatının final mərhələsində iştirak edəcəyini xatırladıb: "Qazaxıstan isə turnirin bir addımlığında idi. Bu baxımdan bizim üçün yaxşı rəqiblərdir. Onlara qarşı öz gücümüzü görəcəyik".
Arif Əsədov yoxlama matçlarında qələbə haqqında düşünəcəklərini sözlərinə əlavə edib: "Məqsədimiz qalib gəlmək və taktiki gedişləri yoxlamaqdır. Zədəli futbolçularımız yoxdur, hamı toplanışdadır. Artıq oyunlara az qalıb. Növbəti iki günümüz taktiki məşqlərə yönələcək. Heyətlə bağlı bu günlərdə qərar verəcəyik".
Məşqçi oyunçuların əhval-ruhiyyəsinin yaxşı olduğunu vurğulayıb: "Klublarda olanlar orada qalıb. Artıq hamısı milliyə kökləniblər. Futbolçular da qarşıdakı matçların vacibliyini dərk edirlər".
O, son olaraq Qazaxıstan komandasının yeni baş məşqçisi Stanislav Çerçesovun adının daha əvvəl Azərbaycan millisi ilə hallanmasına da münasibət bildirib: "Bunlar normaldır. Tək onun yox, bir çox mütəxəssisin adı hallanırdı. Amma bəzən yazılanlar reallaşmır. Bu məşqçi işidir. Ona ancaq uğurlar arzulaya bilərəm".
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da Albaniya, ayın 11-də, saat 18:00-da isə Qazaxıstan ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.