Aleksandr Rıbka: "Azərbaycanda hər şey məni qane edir"

Aleksandr Rıbka: "Azərbaycanda hər şey məni qane edir" Düşünürəm ki, zədələnməyim və payızda xeyli sayda oyun buraxmağıma baxmayaraq, ümumilikdə, 2019-cu ili aktivimə yazmaq olar. Zədələr futbolçu karyerasının ayrılmaz hissəsidir. Futbolda belə mənfi məqamlar olur ki, bundan sonra da başını qaldıraraq geri qayıtmaq lazımdır. Ötən mövsümün ikinci yarısını müsbət qiymətləndirirəm. Komandaya gəldim, oynadım və biz 3-cü yeri tutaraq avrokuboklara vəsiqə qazandıq.
Futbol
7 Yanvar , 2020 14:23
Aleksandr Rıbka: Azərbaycanda hər şey məni qane edir

"Düşünürəm ki, zədələnməyim və payızda xeyli sayda oyun buraxmağıma baxmayaraq, ümumilikdə, 2019-cu ili aktivimə yazmaq olar. Zədələr futbolçu karyerasının ayrılmaz hissəsidir. Futbolda belə mənfi məqamlar olur ki, bundan sonra da başını qaldıraraq geri qayıtmaq lazımdır. Ötən mövsümün ikinci yarısını müsbət qiymətləndirirəm. Komandaya gəldim, oynadım və biz 3-cü yeri tutaraq avrokuboklara vəsiqə qazandıq".

"Report"un məlumatına görə, bu sözləri "Səbail"in qapıçısı Aleksandr Rıbka Ukrayna mətbuatına açıqlamasında deyib.

Komandasının hazırkı durumu haqda danışan ukraynalı qolkiper mövsümün qalan hissəsində vəziyyəti öz xeyirlərinə dəyişəcəklərinə ümid etdiyini bildirib: "Əvvəllər belə zədəm olmayıb. Xaçvari bağları qırdım və altı aylıq sıradan çıxdım. Lakin xoşbəxtlikdən, bərpa prosesi uğurlu keçdi və həkimlərin proqnozlaşdırdığı kimi sağaldım. Nəticədə ötən mövsümün sonunda 5 oyunda - 3 çempionat və 2 kubok görüşündə meydana çıxdım. Ümid edirəm ki, yazda vəziyyəti düzəldəcəyik. Klub rəhbərliyi və məşqçilər korpusu uğursuzluğun niyə baş verdiyini anlayacaq və hamımız bundan nəticə çıxaracağıq. Qarşıda hələ qış toplanışı var və oyunumuzu yaxşılaşdırmağa çalışacağıq".

Azərbaycan çempionatı ilə Ukrayna Premyer Liqasını müqayisə edən Rıbka bunları deyib: "Qarşıda hələ iki dövrə qalıb. Amma Azərbaycan çempionatında Ukraynadakı kimi qruplara bölünmə olmayacaq. Növbəti mövsüm komandaların sayını 10-a yüksəltmək istəyirlər. Düşünmürəm ki, onların çempionatını çox aşağı hesab etmək olar. Əlbəttə, “Qarabağ”la rəqabət aparmaq çətindir. Bu komanda fərqlənir. Amma digərləri, təxminən, bərabər səviyyəlidir. Burada normal çempionat var. Komandalar legionerlərlə də komplektləşib".

"Səbail"dəki gələcək karyerası haqqında da danışan 33 yaşlı qapıçı komandada qalmaq istədiyini bildirib: "Klubla 1,5 illik müqaviləm var. Hələlik burada hər şey məni qane edir. Ümid edirəm ki, hər şey sabit olacaq və karyeramı davam etdirmək üçün başqa klub axtarmalı olmayacağam".

Son xəbərlər

Orphus sistemi